Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ATV və “A haber” kanallarının ortaq yayımında ABŞ Senatının 1915-ci il hadisələrini “soyqırım” olaraq qəbul etməsinə cavab olaraq yeri gələrsə, İncirlik Hərbi Hava Bazasını, həmçinin Kürəcik Radar Bazasını bağlaya biləcəklərini söyləmişdi.
Boyukmillet.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ərdoğanın xəbərdarlığına cavab verib.
Açıqlamada qeyd edilib ki, ABŞ hərbçiləri İncirlik bazasında Türkiyə hökumətinin icazəsi ilə fəaliyyət göstərirlər:
“Biz Türkiyədəki qüvvələrimizin statusunu NATO müttəfiqi və strateji tərəfdaşımızla əməkdaşlığa və müdafiəsinə çoxillik bağlılığımızın simvolu kimi görürük. Türkiyə NATO-nun Əfqanıstanda, Kosovoda, İraqda missiyalarına töhfə verir və ABŞ Milli Təhlükəsizlik Strategiyasının məqsədləri üçün vacib rol oynayır. Biz Türkiyəni S-400 və digər fikir ayrılığı yaranmış sahələr ilə əlaqədar daha konstruktiv siyasət yürütməyə çağırırıq və bu münasibətləri qorumağa çalışırıq”.