2020-ci ilin gəlməsinə sayılı günlər qalıb. Artıq şəhərdə, mağazalarda Yeni il ab-havası hiss edilməyə başlayıb. Eyni zamanda, şou-biznes nümayəndələrinin də bayram gecəsi hansı restoranda, oteldə çıxış edəcəyi bəlli olub.
Ölkədə fəaliyyət göstərən dəbdəbəli otellər arasında araşdırma apardıq. Araşdırma nəticəsində məlum oldu ki, bayramqabağı otellərin qiyməti birə-beş artıb. Hər il olduğu kimi, yenə də turizm sektorunda qiymətlər Yeni il ərəfəsində “od tutub yanır”. Həm paytaxtda, həm də turistik bölgələrimizdəki istirahət mərkəzləri, otellər qiymətləri fantastik həddə qaldırıblar.
Yeni ilə 1 ay qalmış, bölgələrdəki lüks otellərdə qiymətlər bahalaşıb. Baxmayaraq ki, ildən-ilə otellərin sayı da artır, lakin qiymətlər də hər il, demək olar ki, 10 faiz qalxır. Hazırda ölkəmizdə təklif olunan qiymətlər Türkiyə, Dubay, hətta Avropadakı tariflərdən belə yüksəkdir. Müqayisəli mənzərəni sizə təqdim edirik.
Şəkidə yerləşən beşulduzlu “Marxal Resort & SPA”da qiymətlər ürəkaçan deyil. 3 gün 2 gecə burada standart otaqda qalmaq 1 nəfər üçün 1610, 2 nəfər üçün isə 2035 manatdır.
“Şamaxı palace”da qiymətlər Şəkidən geri qalmır. Burada dekabrın 31-dən yanvarın 2-nə kimi qalmaq 1280 manatdır. Qiymətə qidalanma daxildir.
“Lankaran Springs Resort” dekabrın 31-dən yanvarın 2-nə kimi istirahət paketi təqdim edir. Qiymət səhər yeməyi daxil 830 manatdır. Eyvanlı otağın dəyəri isə 990 manat təşkil edir.
“Qax El Resort” – 850 (2 nəfər), “Qalaaltı” – 1050-3500 (2 nəfər), “Quba Palace” – 1669 (2 nəfər), “Şahdağ Hotel & SPA” – 1139 (2 nəfər), “Park Chalet” – 1529 (2 nəfər), “Pik Palace” – 1799 (2 nəfər) manatdır.
Demək olar ki, bütün otellərin paketlərinə gün ərzində 3 dəfə açıq bufet qidalanma, Yeni il axşamı açıq bufet menyusu (spirtli və spirtsiz içkilər), uşaqlar üçün xüsusi əyləncəli proqramlar (şaxta baba və qar qız), maraqlı oyunlar, 31 dekabr və 1 yanvar canlı musiqi və Yeni il günü müxtəlif müğənnilərin iştirakı ilə əyləncə proqramlarının təşkili, atəşfəşanlıq, DJ/diskoteka və s. daxildir.
Paytaxt Bakıdakı bəzi otellər isə Yeni il gecəsi şənliyi ilə bağlı qiymətlərini açıqlayıblar. Belə ki, “JW Marriott Abşeron Hotel”də yeni il gecəsi yeməyi sizə adambaşı 220 AZN-ə başa gələcək. “Four Seasons Hotel”də isə bu qiymət 250 AZN-dir. Bu otel limitsiz spirtli içki istəyənlərdən isə 500 AZN tələb edəcək.
Yeni ili xaricdə qarşılamaq istəyənlər üçün də qiymətləri araşdıranda maraqlı mənzərə ilə qarşılaşdıq. Dekabrın son gecəsini və Yeni ilin ilk gününü Avropada – Fransa, Belçika və Niderland kimi ölkələrdə keçirmək istəyənlər büdcələrindən 1000-2000 dollar (1700-3400 AZN) ayırmalı olacaqlar.
Türkiyənin məşhur şəhərlərindəki otellərin qiymətləri 500 dollardan (850 AZN) başlayır. 700 dollardan (1200 AZN) başlayan qiymətlərlə isə Yeni ili Dubayda qarşılamaq mümkündür.
Paytaxtda və bölgələrdə fəaliyyət göstərən otellər daha çox qazanc əldə etmək üçün xarici ölkələrlə müqayisədə qiyməti bir neçə dəfə qaldırıblar. Təbii ki, bu hal turizmin inkişafına mənfi təsir göstərir. Ekspertlər hesab edirlər ki, otellərin qiyməti qonşu ölkələrlə müqayisədə daha ucuz olarsa, o zaman ölkəyə gələn turistlərin sayı daha çox olar.
- Elgün Babayev: “…əsas səbəb bölgələrdə ekonom otellərin sayının az olması…”
Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, bölgələrdə fəaliyyət göstərən otellərin çox az hissəsi gündə 3 dəfə qidalanma təklif edir. Göstərilən qiymətlərə isə yalnız səhər yeməyi daxildir. Halbuki, 1000 manatdan başlayan qiymətlərlə qarşılama, yola salma və 3 dəfə qidalanma da daxil olmaqla, 5 gün ərzində Yeni ili Türkiyədə keçirmək mümkündür: “Qiymətlərin baha olmasına əsas səbəb bölgələrdə ekonom otellərin sayının az olması və hər dəfə bayram ərəfəsində ölkəyə daha çox turistin gəlməsidir. Qiymətlərin bahalılığına baxmayaraq, hazırda bölgələrdə əksər oteldə yerlərin çoxu satılıb”.
- Müzəffər Ağakərimov : “Bahalığın əsas səbəbi isə rəqabətin düzgün aparılmamasıdır”
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, əslində, bu, tələbatın çox olması deyil, Yeni ili keçirmək üçün otellərin və nömrələrin sayının az olmasından doğur: “Orada fərqli büdcələrə malik olan otellər inşa olunsaydı, tələbat tam ödənilərdi. Çünki imkanı olmayanlar heç müraciət də etmirlər. Səbəb isə qiymətlərin baha olmasıdır. Bahalığın əsas səbəbi isə rəqabətin düzgün aparılmamasıdır. Otellərin sayı çox olarsa, qiymətlər avtomatik düşər. Ootellərin sayının çox olması üçün isə sahibkarlar üçün güzəştli şərtlər ortaya qoyulmalıdır. Əgər sahibkarlara güzəştli şərtlərlə otel inşa etməyə şərait yaradılarsa, həmin otellər tez zamanda tikilər. Çünki sahibkarlar üçün indi yaşayış evi tikmək daha sərfəlidir, çünki pulunu öncədən alırlar. Bunun üçün də sahibkarları otel tikməyə, həm də aşağı büdcəli otellər tikməyə təşviq etmək lazımdır. Hazırkı qiymətlər reallığa uyğun deyil. Çünki həmin yerlərdə göstərilən xidmət ödənilən qiymətə müvafiq deyil. Yüksək səviyyəli xidmət göstərilməlidir ki, müştəri ödədiyi pula uyğun xidmət alsın və etiraz etməsin. Qiymət yüksək, xidmət isə aşağı səviyyədədirsə, o zaman bu, hər bir müştəridə narazılıq doğurur. Bu məsələ çox önəmlidir”.
- “Fly” turizm agentliyinin rəhbəri Mamed Əliyev: “Ölkə daxilində otel və istirahət mərkəzlərində qiymətlərin baha olması səbəbindən vətəndaşlarımız daha çox xaricdə Yeni il şənliyini keçirməyə üstünlük verirlər”
“Fly” turizm agentliyinin rəhbəri Mamed Əliyev isə qeyd etdi ki, ölkə daxilində otel və istirahət mərkəzlərində qiymətlərin baha olması səbəbindən vətəndaşlarımız daha çox xaricdə Yeni il şənliyini keçirməyə üstünlük verirlər: “Hazırda Yeni il şənliyi üçün ən populyar istiqamət Dubay və İstanbuldur. Dubayda 2 nəfər üçün 31 dekabr da daxil olmaqla, 4 gecəlik istirahət 1000 dollara başa gəlir. Azərbaycanın bölgələrində isə bundan daha bahadır. Bu qiymətə ancaq səhər yeməyi və qalan bütün şərtlər, geniş-dönüş bileti də daxildir. İstanbula da Azərbaycandan turpaket var, iki nəfərin 4 gecə 5 günlük səfəri 900 dollara başa gəlir. Yemək menyusuna, sadəcə, səhər yeməyi daxildir”.