Azərbaycanın Türkmənistandakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Aşqabadda Azərbaycan milli mətbəxi və musiqisi adlı tədbir keçirilib.
Bu barədə diplomatik nümayəndəlikdən bildirilib.
Tədbirdə çıxış edən səfir Qismət Gözəlov Azərbaycan milli mətbəxi və musiqisi, eləcə də Azərbaycan-Türkmənistan münasibətlərinə dair qonaqlara məlumat verib və tədbir iştirakçılarını Yeni il münasibətilə təbrik edib. 2023-cü ilin Azərbaycan üçün uğurlu olduğunu vurğulayan Q.Gözəlov bu gün üçrəngli bayrağımızın müstəqil Azərbaycanın bütün suveren ərazilərində əzəmətlə dalğalandığını qeyd edib.
Tədbirdə Türkmənistan Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Nurmuhammet Berdiyev, Türkmənistanda akkreditə olunmuş ABŞ, Türkiyə, Rusiya, Pakistan, Yaponiya başda olmaqla xarici diplomatik missiyaların rəhbərləri və nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri və Türkmənistanda yaşayan azərbaycanlılar iştirak edib.
Tədbirdə iştirak edən səfirlər çıxış edərək, təbriklərini çatdırmış, ölkəmizə və Azərbaycan xalqına xoşbəxtlik, rifah və tərəqqi arzulayıb.
Ziyafətdə milli mətbəximizin ləziz yemək və şirniyyatları təqdim olunmuşdur. Azərbaycan milli musiqi nümunələri səsləndirilib.
Eyni zamanda tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalça sənəti və turizm potensialı ilə bağlı materiallar, milli musiqi alətlərimiz, eləcə də “Made in Azerbaijan” brendinin məhsulları nümayiş etdirilmiş və qonaqlara təqdim olunub.