Daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) və Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Cəlilabad rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almas Almasov saxlanılıb.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Saxlanılan şəxsin əlindəki çantadan 3 kiloqram 490 qram çəkidə heroin və 8 kiloqram 10 qram tiryək aşkar olunaraq götürülüb. A.Almasov ilkin dindirmə zamanı ölkəmizə qanunsuz olaraq qaçaqmal yolu ilə keçirilən həmin narkotik vasitələri qabaqcadan cinayət əlaqəsinə girdiyi tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayətin digər iştirakçılarının da müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.