Bazar , 22 Dekabr 2024
Drone Cameras

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yaponiyada qeyd edilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Tokionun tanınmış əyləncə rayonu olan Şingukuda yerləşən “Pamukkale” türk restoranında qeyd edilib. Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları, Tokio şəhərində yaşayan Azərbaycan diasporunun üzvləri və digər millətlərin nümayəndələri iştirak ediblər.

Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və Azərbaycanın Yaponiyadakı səfirliyinin müşaviri Fərid Talıbov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə danışıb, bu günün planetimizin müxtəlif guşələrində yaşayan soydaşlarımız arasında milli birliyin formalaşmasındakı mühüm rolunu vurğulayıblar.

Yola salmaqda olduğumuz 2016-cı ilin ölkəmiz üçün uğurlu olduğunu qeyd edən çıxışçılar xüsusən aprel döyüşləri zamanı milli ordumuzun göstərdiyi şücaət nəticəsində işğal altında olan torpaqlarımızın bir hissəsinin azad edildiyini, Rio-de-Janeyroda keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurlu çıxışlarını xatırladıblar. Bakıda təşkil edilən Formula-1 Avropa Qran-prisinin və digər beynəlxalq tədbirlərin Azərbaycanı dünyada tanıtmaq baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Yaponiyada yaşayan həmvətənlərimizin Azərbaycanı daha yaxşı tanıtmaq istiqamətində fəaliyyətinin son illər sürətlə artdığı qeyd edilib, bu işdə cari ilin martında təsis edilən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin bir diaspor təşkilatı olaraq mühüm rol oynayacağına inam ifadə olunub. Qeyd edilib ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının milli ənənələrin, özünəməxsusluğun və ana dilinin, mədəni irsin qorunması və inkişafında, millətlərarası münasibətlərin və xalqlar arasında dostluğun gücləndirilməsində fəaliyyəti zəruridir.

Bayram tədbirində Azərbaycan musiqisi səsləndirilib, milli rəqslər nümayiş etdirilib.

 

AZƏRTAC

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir