2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının dəyərinin 5 milyard ABŞ dollarına çatdırılması hədəflənir.
Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə AZPROMO-nun icraçı direktorun müavini Tural Hacılı bildirib.
“Hazırlanan Milli İxrac Strategiyasında qısa və orta perspektivdə mövcud məhsulların yeni bazarlara, uzunmüddətli perspektivdə isə yeni məhsulların yeni bazarlara ixracı hədəflənir. 2021-ci illə müqayisədə 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının 85 % artırılması, yəni təxminən 5 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur”, – deyə o qeyd edib.
Tədbirdə iştirak edən BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva isə deyib ki, Azərbaycan növbəti 5 ildə qeyri-neft ixracının dəyərini hər il 1 milyard ABŞ dollarından çox artırmaq potensialına malikdir: “Azərbaycanın istifadə olunmayan ixrac potensialı var. Son bir neçə ildə ölkənin qeyri-neft ixracı davamlı artıb”.