Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Öz seçki platformasını yaza bilməyən, plagiatlıq edən bəzi namizədlər…

Fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan namizədlərin təbliğat və təşviqat kampaniyasına yanvarın 17-dən start veriləcək. Seçki kampaniyası ərəfəsində namizədləri əsas düşündürən, məşğul edən “daşdan keçən” seçki platforması ilə seçicilər qarşısına çıxmaqdır. İndiyə qədər keçirilən parlament seçkilərində iştirak edən namizədlərin bir qismi pafoslu, bərli-bəzəkli seçki platformaları ilə çıxış etməyə üstünlük verirdilər.

Növbədənkənar parlament seçkilərində iştirak edən namizədlər də nəinki bərli-bəzəkli, pafoslu platformalar hazırlamaqdadırlar, hətta platformalarını sabiq namizədlərin platformaları əsasında hazırlatmaqda maraqlıdırlar. Məsələ burasındadır ki, bəzi namizədlər, ümumiyyətlə, platforma hazırlamağın yollarını bilmirlər. Hətta deyilənə görə, namizədlər arasında öz tərcümeyi-halını düz-əməlli yaza bilməyənlər də var. Öz seçki platformasını yaza bilməyən bəzi namizədlər var ki, bunun üçün dilçilərə, filoloq və hüquqşünaslara müraciət edirlər. Burada ola bilsin mənfi heç nə yoxdur. Amma bəzi namizədlərin keçən parlament seçkilərində namizəd olan bəzi şəxslərin platformalarına qarşı plagiatlıq etməsi halları mövcuddur. O insanlar öz platformalarını yazdırdıqları şəxslərə başqalarına aid platformaları təqdim edirlər ki, buradakı təqdimatdan, mətnlərdən istifadə edərək platforma hazırla.

  • Qiymət Məhərrəmli: “…günün tələbləri ilə səsləşməyən platformalarından istifadə etməklə…”

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə, əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə parlament seçkilərinə qatılan şəxslər arasında savadsızlar çoxdur. “Bilirsiniz, əvvəlki dövrlərdə daha çox savadlı, ictimai-siyasi mühitdə çəkisi olan şəxslər namizədliklərini irəli sürürdülər. Bu dəfə namizədlər arasında ictimai-siyasi mühitdə heç bir rolu olmayan adamlar da var. Bəzi şəxslər heç öz platformalarını yaza bilmirlər. Yəni namizəd olan şəxs seçiciyə özünü hansı şəkildə təqdim etməyi, seçiciyə hansı vədlər verəcəyini, onların səsini necə qazanacağını bilmir. Odur ki, belələri platforma yazdırmaq üçün daha çox Milli Elmlər Akademiyasının, BDU-nun müəllimlərinə üz tuturlar ki, onlar üçün platforma hazırlasınlar. Bəzi deputatlığa namizədlərin sabiq deputatlığa namizədlərin vaxtilə hazırlatdığı, günün tələbləri ilə səsləşməyən platformalarından istifadə etməklə öz seçki platformalarını hazırlatması halları var.

  • Azər Həsrət: “Bəzi deputatlığa namizədlərin başqasının platformasından plagiatlıq etməklə platforma hazırlaması ayıb bir şeydir”

Siyasi şərhçi Azər Həsrət isə hesab edir ki, siyasi proseslər, seçki kampaniyası zamanı kimin kim olduğu üzə çıxır, əsl siyasət adamı ilə təsadüfi şəxslər bir-birindən seçilir. “Mənə görə, platforma hazırlamaq seçki kampaniyasında ən asan məsələdir. Bir platformanın tərtib edilməsi, seçicilərin qarşısına çıxarılması çətin iş deyil. Bunu uzaqbaşı 1-2 saata hazırlamaq mümkündür. Seçki platformasını yazmaq üçün cild-cild kitab oxumağa, materiala baxmağa ehtiyac yoxdur, sadəcə, bu platformanı seçicinin anlayacağı dildə yazıb təqdim edirsən. Burada çətin bir şey yoxdur. Öz seçki platformasını hazırlaya bilməyən, bu sahədə çətinliklə üzləşən şəxs isə nə deputatlığa namizədlik, nə də siyasət haqqında düşünməlidir. Çünki belə şəxslər sabah parlamentdə siyasət adamları ilə üz-üzə gəlib debatlarda, mübahisələrdə, müzakirələrdə iştirak edə bilməyəcəklər. Eyni zamanda, həmin adamlar beynəlxalq platformalarda heç bir söz danışa, kiminsə qarşısına çıxa bilməyəcəklər. Bəzi deputatlığa namizədlərin başqasının platformasından plagiatlıq etməklə platforma hazırlaması ayıb bir şeydir. Əlbəttə, biz kimdənsə, özümüzdən əvvəlki namizədlərdən, deputatlardan, siyasəti bilən adamlardan nəsə öyrənə, məsləhət ala bilərik. Bunlar yaxşıdır. Amma kiminsə platformasını gətirib “bunun üzərində işləyib mənim üçün platfoma hazırlayın” demək qəbuledilməzdir. Siyasətlə məşğul olan adamın indiyə qədər bir siyasi, elmi baqajı olmalıdır” – deyə A.Həsrət qeyd etdi.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …