Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Formula-1” üçün ayrılan pullar hansı xarici banklara köçürülüb?

Hüquq-mühafizə orqanlarına Çingiz Mehdiyevin pul mənimsədiyi haqda məlumatı keçmiş həyat yoldaşı verib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) İdman Əməliyyatları şöbəsinin keçmiş rəisi, Bakıda hər il keçirilən “Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın büdcə vəsaitini mənimsəməkdə ittiham olunan Çingiz Mehdiyevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyası baxır.

Aprelin 3-də bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məlum olub ki, Çingiz Mehdiyev rusdillidir, təhsilini də bu dildə alıb. Bu səbəbdən məhkəmədə ona tərcüməçi təyin olunub.

1975-ci il təvəllüdlü Çingiz Mehdiyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur. Lakin o, həbsdə deyil, istintaq dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Məhkəmədə prokuror onun haqqında qətimkan tədbirinin dəyişməsinə zərurət olmadığını bildirib. O, məhkəməyə də evindən gəlib-gedəcək.

Hakim işin məhkəmə baxışına verilməsi və araşdırmaların başlaması barədə tərəflərin fikrini soruşub. Prokuror da, Çingiz Mehdiyevin vəkilləri də, zərərçəkmiş qismində tanınan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndəsi də etiraz etməyib.

Çingiz Mehdiyevin vəkili bildirib ki, müvəkkili ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir, bu cinayət işinin obyektiv araşdırılmasında maraqlıdırlar.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 2013-cü ildə yaradılmış “Baku Grand Prix” şirkətinin hüquqi varisidir. Bu şirkət “Formula-1” Avropa Qran Pri yarışlarının Bakıda keçirilməsi ilə əlaqədar yaradılmışdı.

Çingiz Mehdiyev 2015-ci ildə şirkətə əməliyyat meneceri kimi işə götürülüb. 2016-cı ildə şirkətin İdman Əməliyyatı şöbəsinin rəhbəri təyin olunub və 2020-ci ilə qədər bu vəzifədə işləyib.

Çingiz Mehdiyev “Formula-1” yarışlarının keçirilməsi üçün ayrılan vəsaitlərin bir hissəsini Seyşer adalarında anası Leyla Əliyevanın adına qeydiyyatdan keçmiş “Dayton İnvestment LTD” şirkətinin, ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürməklə mənimsəməkdə ittiham olunur. Adıçəkilən şirkət və şəxslərlə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında yarışların təşkilində lazım olan malların alınması, xidmətlərin göstərilməsi barədə müqavilələr imzalanıb. İttihama əsasən, pullar Gürcüstan və Estoniyadakı bankların hesablarına köçürülüb.

Sürücünün hesabına 376 min manat, Leyla Əliyevanın adına olan şirkətin hesabına isə 980 min dollar pul köçürülüb.

İttihama görə, Çingiz Mehdiyev lazım olan avadanlıqları xaricdən özü gətirdib, gömrükdə qiymətlərini artıq göstərib. İstintaq araşdırma nəticəsində 397 min 852 manat mənimsəməyə yol verildiyi qənaətinə gəlib.

Cinayət işinin materiallarına əsasən, baş verənlər barədə hüquq-mühafizə orqanlarına Çingiz Mehdiyevin keçmiş həyat yoldaşı Nərminə Əkbərova məlumat verib. Onlar 2023-cü ildə boşanıblar.

Çingiz Mehdiyev özünü təqsirli bilmir, külli miqdarda büdcə vəsaitlərini mənimsəməsi, həmin pullara ABŞ-da evlər alması və s. barədə Nərminə Əkbərovanın dediklərini təkzib edib.

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …