Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ələsgər Məmmədli: “Ev dustaqlığı mənə azadlığımdan çox həyatım üçün lazımdır”

“Toplum TV”nin həbsdə olan təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edən Xətai Rayon Məhkəməsinin bu qərarından vəkili apelyasiya şikayəti vermişdi. Şikayətə aprelin 3-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Məhkəmədə vəkil Aqil Layıc şikayətində göstərilən arqumentləri sadalayıb. Deyib ki, müvəkkili heç bir cinayət törətməyib, onun həbsdə saxlanmasına əsas yoxdur. Onun sözlərinə görə, Ələsgər Məmmədlinin həbsdə saxlanması humanizm prinsiplərinə də ziddir. Çünki həbsdə saxlanması həyatına təhlükədir. Onun səhhətində ciddi problemlər var. Ələsgər Məmmədli xərçəng ehtimalı ilə əlaqədar müayinədən çıxarkən klinikanın önündə tutulub.
Ələsgər Məmmədli özü də şikayətin təmin olunmasını istəyib.

Ev dustaqlığına buraxılmaq azadlığımdan daha çox həyatım üçün lazımdır Mən təcili müayinə və müalicə olunmalıyam”, – Ələsgər Məmmədli bildirib.

O vurğulayıb ki, həbsdə olduğu müddətdə boğazındakı şiş də böyüyüb və boğulma yaradır.
Hüquqşünas əlavə edib ki, heç bir cinayət törətməyib, müstəqil medianı susdurmaq üçün sifarişlə həbs olunub.

Müstəntiq isə əksinə, Ələsgər Məmmədli haqqında həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsinə etiraz edib. Deyib ki, həbsdən buraxılsa, sonradan yayına bilər, şahidlərə və proses üçün əhəmiyyətli digər şəxslərə təsir göstərmək ehtimalı var.

Müdafiə tərəfinin arqumentlərinə baxmayaraq, hakimlər şikayəti təmin etməyib – Bakı Apelyasiya Məhkəməsi də Ələsgər Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edib.

Vəkil Aqil Layıc Meydan TV-yə bildirib ki, müvəkkilinin təcili müayinə və müalicəsi üçün Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə müraciətlər ünvanlayıb. Lakin müraciətlərinin heç bir nəticəsi yoxdur:

“Təəssüf edirəm ki, insan həyatına belə yanaşırlar. Məhkəmələr humanizm prinsipinə əhəmiyyət vermirlər. Ələsgər Məmmədli təcili iynə biopsiyası olunmalıdır”.

Martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib. Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı “III Respublika”nln ofisindən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …