Hazırda Azərbaycanda neft-qaz, tikinti və kənd təsərrüfatı sahələrində 30-dan çox ispan şirkəti fəaliyyət göstərir.
Boyukmillet.com xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və “Madrid Biznes Forumu“nun birgə təşkilatçılığı ilə İspaniya şirkətlərinin nümayəndələri ilə keçirilmiş görüşdə bildirilib.
Tədbirin əsas məqsədi ispan şirkətlərini Azərbaycanın biznes və investisiya imkanları barədə məlumatlandırmaq idi.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentlik haqqında məlumat verərək, bu cür tədbirlərin ölkələr arasında ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Bildirilib ki, Azərbaycanın İspaniyaya qeyri-neft ixracının artırılması üçün biznes dairələri arasında əlaqələr genişləndirilməlidir və bu istiqamətdə AZPROMO aktiv tədbirlər görür.
Azərbaycanın İspaniya Krallığındakı səfiri Ramiz Həsənov ölkələr arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirərək, iqtisadi-ticarət əlaqələrinin də gücləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.
Tədbir zamanı Azərbaycanın biznes, investisiya və turizm imkanlarına dair təqdimatlar keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Y.Abdullayev İspaniyada bir sıra görüşlər keçirib.