Rəsmi Paris tərəfləri sülh müqaviləsi imzalamağa çağırır
Fransa Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Almatı danışıqlarını alqışladığını bildirib.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin 12 may tarixli bəyanatında deyilir.
Nazirlik danışıqlarda 1991-ci il Almatı bəyannaməsini əsas kimi gördüyünü qeyd edib:
“Fransa 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşə uyğun olaraq, bu proses üçün 1991-ci il Almatı bəyannaməsini əsas kimi görür. Hesab edir ki, tərəflərin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına bağlı olduqlarını təsdiqləməsi vacibdir. Bu kontekstdə Paris 19 aprel 2024-cü il tarixli bəyannamədə razılaşdırılmış prinsiplərin əsasında yerlərdə sərhədin demarkasiyasını davam etdirməyə və iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə danışıqların davam etdirilməsinə çağırır”.
“Biz Qazaxıstan hakimiyyətinin bu danışıqların aparılmasına kömək etmək təşəbbüsünü alqışlayırıq. Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və möhkəm sülhün bərqərar olması üçün öz tərəfdaşları ilə birlikdə işləməyə davam edəcək“, – deyə bəyanatda bildirilib.
3 gün əvvəl ABŞ Dövlət Departamenti də oxşar bəyanatla çıxış etmişdi.
Mayın 10 və 11-də Qazaxıstanın paytaxtı Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Amma danışıqların nəticəsi barədə ictimaiyyətə geniş məlumat verilməyib.
Azərbaycan Xarici İşlər Nazirliyi mayın 11-də bildirib ki, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar.
Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bu gün Almatı görüşünü konstruktiv adlandırıb.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.