Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qusar bələdiyyəsinin sədri həbs olunub

Əlfəddin İbrahimov vəzifə saxtakarlığında, rüşvət almaqda ittiham edilir

Qusar Şəhər Bələdiyyəsinin sədri Əlfəddin İbrahimov həbs olunub. O, torpaq sahələrinin qanunsuz satılması və rüşvət almaqda ittiham olunur. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

İddia olunur ki, Qusarda meşə fonduna aid 22,3 hektar torpaq sahəsinin təyinatı əsassız şəkildə dəyişdirilərək, yaşayış məntəqələrinin torpaqları kimi Qusar Şəhər Bələdiyyəsinin balansına verilib. Həmin torpaq sahələri müxtəlif vətəndaşlara satılıb, ərazidəki ağaclar isə qanunsuz kəsilib. Bununla da həm meşə fonduna, həm də təbiətə ziyan dəyib.

Prokurorluğun məlumatına görə, Qusarda baş verənlərlə bağlı araşdırmalar rayonda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında başlayıb. Araşdırmalar zamanı hadisə yerinə baxış keçirilib, fotoşəkillər və videgörüntülər çəkilib, müxtəlif dövlət qurumlarının rəyləri alınıb, izahatlar toplanıb.

Əlfəddin İbrahimova qarşı Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma – ağır nəticələrə səbəb olduqda), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bələdiyyə sədri ilə bağlı istintaq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.

Əlfəddin İbrahimovun ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

MEYDAN.TV

Check Also

Naxçıvan səhiyyəsini idarə edən üçlük

Samiq Sadıxovun köməkçisi, kassiri, aparat rəhbəri, hazırda onun tərəfindən qeyri- rəsmi idarə olunan TMİB-in icraçı …