Bazar , 24 Noyabr 2024
Drone Cameras

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili Sabir Rüstəmxanlı 28 May Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

Təbrikdə deyilir:

“Əziz bacılar və qardaşlar!

28 May – Müstəqillik Günü münasibəti ilə hamınızı təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram.

Ötən əsrin əvvəllərində, 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının, dövrün tanınmış siyasətçiləri və ziyalılarının fədakarlıqları nəticəsində Azərbaycanda Şərqin ilk demokratik dövləti yaradılıb. Bu dövlət cəmi 2 il yaşasa da, ölkəmizin və xalqımızın tarixində çox böyük iz qoyub, dövlət və ordu quruculuğu, iqtisadiyyat, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində mühüm işlər görüb. İki il ərzində bəzi dövlətlərin yüz ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirilib. Ən əsası isə, M.Ə.Rəsulzadənin təbirincə desək, xalqa azacıq da olsa azadlıq hissi dadızdırılıb.

70 illik bolşevik istilası dövrünün qanlı repressiyaları belə az da olsa istiqlal dadmış Azərbaycan xalqının qəlbindən azadlıq sevgisini silib ata bilmədi. 20-ci əsrin sonlarında Azərbaycan xalqı öz ikinci istiqlal mücadiləsinə başlayanda məhz bu ideyalarla silahlandı, başı üzərində bu dövlətin atributlarını dalğalandırdı, xalqımız əsrin sonunda başlayan müstəqillik savaşına da məhz bu ideyalarla atıldı və qalib gəldi. Bu gün Azərbaycan müstəqil dövlət olaraq Xalq Cümhuriyyətindən bizə miras qalan müqəddəs bayrağı qürurla dalğalandırır. Bu bayrağın Xankəndindən Bakıdayadək bütün ölkə ərazisində dalğalanması tariximizin ayrıca bir şərəf səhifəsidir. Azərbaycan xalqı 106 il öncə dünyaya təqdim etdiyi istiqlal və hürriyyət ideyalarını həyata keçirmək uğrunda fədakar mübarizəsini davam etdirir.

Əziz həmvətənlər!

Sizi bir daha 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, Azərbaycan uğrunda apardığımız mübarizədə uğurlar arzulayıram. 28 may dünya siyasətində Azad, Demokratik Azərbaycan dövlətinin yaranma günüdür. Bu həm də Bütöv Azərbaycan dövlətinin qurulmasına gedən yolun başlanğıcıdır! Bu yolda Tanrı millətimizə yar olsun!”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …