Sabiq nazirin məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə müraciəti ilginc iddialara səbəb olub
Sabiq səhiyyə naziri, Haqq-Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov məhkəməyə müraciət etməsi ilə bağlı ötən sayımızda xəbər vermişdik.
Keçmiş nazir məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə ərizə yazıb. Məhkəmənin yaxın günlərdə onun müraciətinə baxaraq müvafiq qərar qəbul edəcəyi gözlənilir.
Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. Məhkəmə tərəfindən Əli İnsanov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Azadlığa çıxmağına az qalmış Əli İnsanova narkotik vasitələrin dövriyyəsi, cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması maddəsi ilə yeni ittiham irəli sürülüb.
2016-cı ildə yeni ittihamlarla həbs müddəti 7 il 5 gün artırılıb. Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin mart ayında imzalanan əfv sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.
Konstitusiyada “ağır cinayətlərə görə məhkum olunmuş şəxslər”in seçkilərdə namizəd olmasına qoyulan qadağanın sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun parlament seçkilərində iştirakına əngəl ola biləcəyi bəllidir. Sabiq nazir yalnız o halda iştirak edə bilər ki, bəraət qazansın, məhkumluğu üzərindən tam olaraq götürülsün. Əks halda, hazırkı konstitusiyaya müvafiq olaraq onun parlament seçkilərində namizəd olmasına məhdudiyyət var. Bəllidir ki, sabiq nazir əfvlə azadlığa buraxılsa da, bu, onun bəraət alması demək deyil. Bəraət yalnız məhkəmənin qərarı ilə verilə bilər. Yəni hər hansı maddə ilə ittiham edilən insanın əməlində doğrudan da cinayət tərkibi olmur. Şəxsin qanunu pozması barədə sübutlar yoxdursa, istintaq tədbirləri zamanı onun cinayət işləmədiyi üzə çıxarsa, o adamlar bəraət ala bilər. Həmçinin bu məsələ amnistiyaya da aiddir. Amnistiya da bəraət üçün əsas deyil. Şəraitin dəyişməsi ilə şəxs barəsində cinayət işinə xitam verilməsi də qanunda nəzərdə tutulur. Ancaq bu da hələ həmin adamların bəraət alması anlamına gəlmir. Bir də cinayət işinin qaldırılmasından sonra müddətlərin keçməsi ilə əlaqədar şəxslərin məhkumluğu götürülə bilər. Amma məhkumluğun götürülməsi də həmin adamın bəraət alması demək deyil. Cinayət Məcəlləsinə əsasən, şəxslər cinayət törətdikdən sonra cinayətin kateqoriyalarına uyğun olaraq cəzanın çəkildiyi müddətdən başlayaraq müəyyən olunmuş müddətlərə qədər üzərində məhkumluq daşıyır. Yəni azadlıqdan məhrumetmə cəzası almayan şəxslər cəzanı çəkib qurtardıqdan sonra 1 il keçirsə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törədən şəxslər cəzanı çəkib qurtardığı gündən 3 il keçirsə, ağır cinayət törətmiş şəxslər cəzanı çəkib qurtardığı gündən 6 il keçirsə, xüsusilə ağır cinayət törətmiş şəxslər cəzanı çəkib qurtardığı gündən 8 il keçirsə, bu zaman məhkumluq onların üzərindən götürülmüş sayılır.
Partiyadaşlarından biri sayta Əli İnsanovun bu ilin yayında keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılacağını bildirib. Onun sözlərinə görə, yaşı 80-i haqlamasına baxmayaraq, siyasi ambissiyalarından bir an belə vaz keçməyən keçmiş nazir üzləşdiyi hüquqi əngəli aradan qaldırmağa çalışır. Belə ki, qüvvədə olan qanunvericilik üzərində məhkumluğu olan şəxsin parlament seçkilərinə qatılmağına imkan vermir.
Əli İnsanov parlament seçkilərinə rəsmi qaydada start verilənə kimi bu maneəni aradan qaldırmağa çalışır.
Saytın mənbəsi iddia edir ki, onun seçki marafonuna qatılmasına dair ilkin razılıq var. Keçmiş nazirin növbədənkənar parlament seçkilərində mandat qazana biləcəyi istisna olunmur. Partiyadaşının bildirdiyinə görə, parlamentdə təmsil olunduqdan sonra Əli İnsanovun üzərinə müəyyən öhdəliklər qoyulacaq. O, Milli Məclisdə müxalifəti təmsil etsə də, müntəzəm olaraq hökumətin mövqeyindən çıxış edəcək.
İnsanovun “konstruktiv müxalifət” libasına bürünərək, keçmiş silahdaşlarına savaş açacağı bildirilir. Amma onun əsas “vəzifəsi” keçmiş siyasi məhkum kimi Avropa institutlarına “müharibə” elan etmək olacaq. İddialarla bağlı Əli İnsanovun da mövqeyini dərc etməyə çalışacağıq.
“Yeni Müsavat”