Bazar , 24 Noyabr 2024
Drone Cameras

Avropalı deputatlar Azərbaycanlı məmurlara sanksiya tələb edir

Avropa Parlamentinin deputatları Cənubi Qafqazda insan hüquqlarının pozulması ilə bağlı bəyanat yayıb.

Bəyanatın Azərbaycanla bağlı hissəsində bildirilir ki, bu ölkədə fərqli fikrin bütün formalarına qarşı amansız repressiya var.

“Biz Qubad İbadoğlunun ibtidai istintaqının bu yaxınlarda bir ildən artıq uzadılmasını və onun saxta ittihamlarla təqibinin davam etməsini pisləyirik. Biz Avropa Parlamentinin Azərbaycan hakimiyyətini bütün ittihamları dərhal dayandırmağa çağırışını təkrar edirik. Ona qarşı irəli sürülən ittiham təcili tibbi müalicə üçün xaricə getməsinə mane olur”.

Deputatlar həmçinin bildiriblər ki, onlar Azərbaycanda bütün tənqidi səslərə qarşı davamlı repressiyaları və ədalət mühakiməsinin sistemli şəkildə pozulmasını qətiyyətlə pisləyirlər:

Hüquq müdafiəçisi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, Avropa Şurasının Vatslav Havel İnsan Haqları Mükafatı laureatı Anar Məmmədli aprelin 29-da qondarma qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Bu da Azərbaycanda vətəndaş cəmiyyətinə və bütün fərqli səslərə qarşı amansız təzyiq olduğunun göstəricisidir”.

Bəyanatda müstəqil medialar “AbzasMedia”, “Kanal 13” və “Toplum TV” də daxil olmaqla, Azərbaycanda qalan bir neçə müstəqil xəbər orqanının jurnalistlərinin böyük həbs dalğası və saxta ittihamlarla həbs edilməsindən də bəhs edilib. Bildirilib ki, hüquq müdafiəçilərinin həbsi də medialara basqıdan sonra baş verib.

“Təəssüf edirik ki, hazırda 300-ə yaxın siyasi məhbusu olan Azərbaycan dünyanın ən repressiv ölkələrindən biridir. Bütün siyasi məhbuslar azad edilməli və bütün siyasi motivli ittihamlar dərhal ləğv edilməlidir”.

Bəyanatda Azərbaycan beynəlxalq öhdəliklərinə əməl etməyə çağırılıb.

Deputatlar tələb ediblər ki, Avropa Parlamentinin 2023-cü il martın 15-də, sentyabrın 14-də və 2024-cü il aprelin 25-də qəbul edilən qərarlarına uyğun olaraq, bu ciddi insan hüquqları pozuntularında əli olan Azərbaycan məmurlarına qarşı cəza tətbiq edilsin.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …