Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Sən ki, Ulu Öndərin adını tutub gəlmisən, başımız üstə yerin var”

Deputatlığa namizəd Möhsüm Aslanovun seçicilərlə görüşləri coşqu ilə keçir

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Möhsüm Aslanovun Göygöl rayonunun kəndlərindən ilk üz tutduğu Topalhasanlı kəndi oldu. Topalhasanlılar deputatlığa namizədi bağırlarına basaraq qarşıladılar. Kənd sakini Həqiqət Məhərrəmova bildirdi ki, ay bala, sən elə bizim elin-obanın oğlusan. Yerini -yurdunu bilən adamsan, biz də sənin nəslini-kökünü yaxşı tanıyırıq. Həqiqət ana bildirdi ki, biz etimadımızı göstərməyə hazırıq, sizin də onu doğrultmaq borcunuz qalır. Kənd sakini Rasim Musayevdə kənddə mövcud olan problemlərdən danışdı. Qeyd elədi ki, ölkə başçısı yeni və gənc kadrlara üstünlük verdiyini görürük. Prezidentimizi sadə xalqın içində görəndə qəlbimiz dağa dönür. Ümidvarıq ki, siz də ölkə başçısından nümunə götürəcəksiniz. Deputatlığa namizəd sakinləri diqqətlə dinlədikdən sonra öz platformasını açıqladı, keçdiyi həyat yolundan danışdı. Ulu Öndər Heydər Əliyevin göstərişi ilə bir zamanlar Azərbaycan Televiziyasının xüsusi nümayəndəsi kimi Ukraynaya göndərilərək fəaliyyət göstərməsindən söhbət açdı. Prezident İlham Əliyevin başlatdığı yeni islahatlar dalğasının hər kəndə, hər qəsəbəyə çox qısa vaxtda öz töhfəsini verəcəyini bildirdi.
Topalhasanlı kəndinin 79 yaşlı ağsaqqal sakini Nəsir Əliyev Möhsüm Aslanovu dinlədikdən sonra söz alaraq bildirdi ki, oğul mən də sənin elini-obanı yaxşı tanıyıram. Özüm əvvəlcə danışmadım ki, görüm nə kəramətin sahibisən: “Sən ki, Ulu Öndərin adını tutub gəlmisən, başımız üstündə yerin var. Heydər Əliyev əsil xalq adamıydı, elə bir şəxsiyyət bu torpağa Allahın lütfü idi. 1993-cü ildə hakimiyyətə ikinci gəlişi zamanı yazmışdım:
Xalqının qədrini qəlbən bildin sən,
Anaların göz yaşını sildin sən.
Nadanlar yol azdı, baxıb güldün sən,
Nadandan intiqam al, Heydər baba,
Millətin qeydinə qal, Heydər baba.

Canım fəda olsun qoy, yaradana,
Səni bəxş eləyib Azərbaycana,
Gördüyün işləri düzsək yan-yana,
Çəkilər ən gözəl yol, Heydər baba,
Dünya nə qədər var, var Heydər baba.”

Çıxışlardan sonra Möhsüm Aslanov kənd cakinlərinə bir vaxtlar Ulu Öndər Heydər Əliyev haqda hazırladığı və Azərbaycan, Ukrayna, Moldova televiziyalarında efirə getmiş filmlərin disk yazılarını hədiyyə etdi.
Sonra deputatlığa namizəd digər sakinlərin də arzu-istəklərini dinlədi, ağsaqqal, ağbirçək xeyir-duasını alaraq Gəncə qəsəbəsinə üz tutdu.

Gəncə qəsəbəsində də Möhsüm Aslanovu öz doğmaları kimi qarşılayan sakinlər deputatlığa namizədlərini evlərinə dəvət etdilər. II qrup əlil Billur ananın evində qonaq olan Möhsüm Aslanov ailə üzvləri ilə yaxından tanış oldu. Bulul ana kəndin qaz problemindən söhbət açdı. Deputatlığa namizəddən xalqın problemlərinin ölkə başçısına çatdırmaqda yardımçı olmasını istədi. Sonra kənd sakinləri ilə də görüşən Möhsüm Aslanov qazanılan uğurlara rəğmən yerlərdəki problemlərin indiyə kimi həll olunmamasında bəzi reallıqları dilə gətirdi. Vurğuladı ki, bunu ancaq qarşılıqlı etimad, sevgi və birlik həll edə bilər. Bütün bunlar da dövlət- xalq birliyi, məmurun xalqa olan sevgisi ilə çözüləcək.
Deputatlığa namizəd Möhsüm Aslanovun görüş keçirdiyi növbəti yer Zurnabad kəndi oldu. Zurnabadlılar kənddəki su problemindən danışdılar. Bildirdilər ki, şəhər mərkəzindən kəndimizə marşurut da işləmir. Bu problemin həllini tapması üçün bizə yardımınızı əsirgəməyin. Möhsüm Aslanov öz növbəsində bildirdi ki, bəzi problemlər var ki, onu dövlətdən asılmadan da həll etmək olar. Biz bu işlərdə birlik olub xırda problemlərimizi çözə bilərik.
Zurnabad kənd sakini, bir zamanlar Möhsüm Aslanovun ibtidaii sinif müəllimi olmuş Sübhan Qurbanov kənd camaatına üz tutaraq bildirdi ki, mən öz şagirdimin yerinə əlimi ürəyimin üstünə qoyaraq and içə bilərəm ki, siz əsil deputatın necə olduğunu məhz onun timsalında görəcəksiniz. Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində doğulub boya-başa çatmış Möhsüm balamız, elə uşaqlıq vaxtlarından istiqanlı, vicdanlı, əməksevər olub. Elin içindən çıxan adam elin dərdini yaxşı bilər.
Kənd ağsaqqalı Novruz Hacıyev də sadə kənd adamının diqqətə, hörmətə ehtiyacı olduğunu bildirdi. Qeyd elədi ki, bəzi məmurlar da ölkə başçısından nümunə götürsəydilər çox yaxşı olardı. Millət vəkili olmaq istəyənlərin xalqın içində tez-tez olmalarını tövsiyyə elədi.
Deputatlığa namizəd Möhsüm Aslanovun Şəhriyar kəndindəki görüşləri şəhid ailəsini ziyarətlə başladı. 24 aprel 1994-cü ildə şəhid olmuş Mehdiyev Vahid Saleh oğlunun anası Gülbahar nənə bu sürpirizdən gözləri doldu. Dedi ki, bala, sən ilk adamsan ki, sayıb qapımı açırsan, Allah da səni sayılanlardan-seçilənlərdən eləsin. Yataq xəstəsi olan Gülbahar nənə dərdlərindən, xəstəliyindən danışdı, oğul həsrətinin ağır olduğunu bildirdi. Amma qeyd etdi ki, oğullar Vətən üçün doğulur, şəhid anası olmaq hər anaya qismət olmaz. Bizim umacağımız nədi ki, diqqət, məhəbbət. “Gedin, Allahın diqqəti, məhəbbəti də üstünüzdə olsun”
Şəhriyar kəndinin mərkəzindəki görüşdə də digər şəhid anası deputatlığa namizədi ilk dəstəkləyənlərdən oldu. Şəhid Nəbiyev Elxan İntiqam oğlunun anası Əminə xanım bildirdi ki, Möhsüm özgə deyil ki, budu ha, Ulu Göyçəmizdəndi. “Onu ata-babasını tanıyırıq. Yadımdadır, 20 il qabaq Aztv-nin müxbiri kimi kəndimizdən veriliş də hazırlamışdı. Sonralar biz onu ekranlarda Ukraynadan, bir sıra ölkələrdən hazırladığı reportajlarla da yaxından tanıdıq. Hər yerdə Qarabağ, Xocalı, 20 yanvar harayını eşitdik. Belə oğula səs verməyib, kimə səs verəsiyik ki?”
Şəhriyar kəndinin digər sakinləri də Möhsüm Aslanova öz fikirlərini ərz elədilər. Arzu və təkliflərini çatdırdılar.
Sonrakı görüş Kərəmlidə oldu. Kərəmli gəncləri ilə söhbətləşən Möhsüm Aslanov ölkəmizdə aparılan təhsil islahatlarından və xarici aləmə inteqrasiyadan danışdı. Gənclərin indiki zamanda daha fəal olmasına ehtiyac duyulduğundan söhbət açdı. Gənclər də öz problem və qayğılarından danışdılar. Kənd gəncliyinin mövcud probleminin həlli yollarını müzakirə etdilər. Sonda kənd sakinləri öz arzularını, istəklərini deputatlığa namizədə bildirib xeyir-dualarını verdilər.

Müəllif Vəli Əkbər

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …