Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 19-da ölkədə səfərdə olan Almaniyanın Süryani Ortodoks Kilsəsinin rəhbər heyəti ilə görüşüb.
Boyukmillet.com xəbər verir ki, Azərbaycanın nümunəvi dövlət-din münasibətləri modeli, dövlətin din sahəsindəki siyasəti barədə danışan Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin tolerantlıq ənənələrini daha da inkişaf etdirərək dövlət siyasətinə çevirdiyini, ayrı-ayrı dini konfessiyalara münasibətdə heç bir fərq qoyulmadan dini sahəyə daim diqqət və qayğı göstərdiyini və bu uğurlu siyasət nəticəsində Azərbaycanın zəngin tolerantlıq və multikultural dəyərlərinin qorunduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədi ilə mütəmadi olaraq Azərbaycan Prezidenti dini qurumlara maliyyə vəsaiti ayırır.
Suriya Pravoslav Kilsəsinin ekumenik məsələlər üzrə arxiyepiskopu Mor Julius Hanna Aydın Azərbaycandakı tolerantlıq mühitini, ölkənin dinlər və mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunması istiqamətində göstərdiyi bütün səyləri yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, görüşdə Almaniyadakı Süryani Ortodoks Mor Yaqub Dasruq Kilsəsinin arxidyakonu Abuna Murat Üzel, Fray Universitetinin əməkdaşı Susi Üzel, Süryani icmasının və Süryani kilsənin 12 nəfərlik idarə heyətinin sədri Andreas Çelik iştirak ediblər.