Bu ilin apral ayında Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında ikitərəfli ticarət dövriyyəsi martla müqayisədə 6 % azalaraq 5,6 milyard avro təşkil edib və bu, 2000-ci ilin yanvarından bəri ən aşağı göstəricidir.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Eurostat”ın hesabatında deyilir.
Bu dövr ərzində Rusiya mallarının Avropaya tədarükü 17 % azalaraq 2,7 milyard avro təşkil edib ki, bu, 1999-cu ilin iyunundan bəri ən aşağı göstəricidir.
Aprel ayında Rusiyadan Avropa bazarına ixracın əsas payını qaz (1,15 milyard avro dəyərində tədarük) tutub. Daha sonra dəmir-polad (288,5 milyon avro) və neft məhsulları (248 milyon avro) gəlir.
Digər tərəfdən, Aİ-dən Rusiyaya malların satışı apreldə 6 % artaraq 2,9 milyard avroya çatıb. Tədarükün əhəmiyyətli hissəsi dərman preparatlarının (760 milyon avro) payına düşüb. Rusiya həmçinin Aİ ölkələrindən aktiv şəkildə avadanlıq (303 milyon avro) və optik alətlər (186,5 milyon avro) alıb.