Azərbaycan innovator olmaqla həm ənənəvi enerji, həm də bərpa olunan enerji mənbələrindən istifadədə böyük uğurlar qazanacaq.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü, professor Brenda Şaffer deyib.
“Azərbaycan həmişə yenilikçi olub və enerji məsələlərinə çox real yanaşıb. Ölkə mədən yanacaqları, neft, təbii qaz, külək və günəş enerjisi ehtiyatları ilə zəngindir. Ən yaxşı siyasət bütün mövcud enerji növlərindən istifadə etməkdir”, – o bildirib.
B.Şafferin sözlərinə görə, bərpa olunan enerji mənbələrini aktiv şəkildə inkişaf etdirən bir çox ölkələr hələ də kömürdən istifadə edirlər: “Bu, ətraf mühitin ciddi çirklənməsinə gətirib çıxarır ki, beləliklə, həmin ölkələrin bərpa olunan enerji səylərinə xələl gəlir”.
O vurğulayıb, ki Azərbaycan təbii qaz və bərpa olunan enerjinin yüksək texnologiyalı, çirklənmə və emissiya baxımından daha təmiz olan modelini təqdim edəcək: “Hesab edirəm ki, bu, dünyanın diqqət yetirməli olduğu mühüm modeldir”.