O, Ukraynada sülhün vacibliyini vurğulayıb, münasibətlərlə bağlı ABŞ-a çağırış edib
İran Prezidenti Məsud Pezeşkian dünya ictimaiyyətinə ölkənin yeni administrasiyanın siyasətindən danışıb.
O, “Tehran Tayms” qəzetində dərc olunan məqaləsində bildirib ki, bütün ölkələrlə münasibətlərdə milli maraqlara, iqtisadi inkişafa, regional, qlobal sülh və təhlükəsizliyin tələblərinə uyğun balanslı imkanlara əsaslanan siyasət həyata keçirəcək.
“Yeni hökumətin əsas xarici siyasət yanaşması yeni üfüqlər açmaq və digər hökumətlərlə dialoq, əməkdaşlıq, bərabərlik və qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərini hərtərəfli genişləndirmək olacaq”, – İran Prezidenti deyib.
Pezeşkian həmçinin qeyd edib ki, yeni hökumət Ukraynada sülhün əldə edilməsinə yönəlmiş təşəbbüsləri fəal şəkildə dəstəkləyəcək.
“Rusiya İranın dəyərli strateji müttəfiqi, qonşusudur və mənim administrasiyam əməkdaşlığımızı genişləndirməkdə və gücləndirməkdə davam edəcək. Biz Rusiya və Ukrayna xalqları üçün sülhə sadiqik və mənim hökumətim bu məqsədə çatmağa yönəlmiş təşəbbüsləri fəal şəkildə dəstəkləməyə hazır olacaq”, – məlumatda deyilir.
Pezeşkian məqaləsində ABŞ və müttəfiqlərinin İranın nüvə silahı hazırlamağa çalışdığı ilə bağlı ittihamlarını rədd edib.
“İranın müdafiə doktrinasının nüvə silahını ehtiva etmədiyini vurğulamaq istəyirəm. Eyni zamanda, ABŞ-i keçmiş uğursuzluqlarından dərs almağa və siyasətlərini buna uyğun olaraq tənzimləməyə çağırıram”, – məqalədə qeyd olunur.
Prezident məhz ABŞ-nin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdığını və İslam respublikasının iqtisadiyyatına yüz milyardlarla dollar zərər vuran birtərəfli sanksiyalar tətbiq etdiyini xatırladıb.
Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, general Qasım Süleymaninin ABŞ tərəfindən təşkil edilən sui-qəsd nəticəsində öldürüldüynü, Vaşinqtonu dövlət terrorizmində ittiham edib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar reallıqla barışmalı və İranın təzyiqlərə reaksiya verməyəcəyini birdəfəlik başa düşməlidir.
2020-ci il yanvarın 3-də ABŞ İraqda pilotsuz təyyarə ilə İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasim Süleymanini öldürüb.
Vaşinqton Süleymanini ABŞ-nin bölgədəki qüvvələrinə istiqamətli hücumlarını təşkil etməkdə günahlandırırdı.
Məsud Pezeşkian 2024-cü il iyulun 5-də İranda keçirilən prezident seçkisinin ikinci turunda qalib gəlib.
Siyasi analitiklərin fikrincə, Pezeşkianın zəfəri praqmatik xarici siyasətin təşviqi, 2015-ci il nüvə sazişini canlandırmaq üçün böyük dünya gücləri ilə hazırda dalana dirənmiş danışıqlarda gərginliyi azalda bilər. Həmçinin İranda sosial liberallaşma perspektivlərini yaxşılaşdıracaq.
Hər iki prezidentliyə namizəd ABŞ-nin o zamankı Prezidenti Donald Trampın nüvə sazişindən birtərəfli qaydada imtina etməsindən sonra 2018-ci ildən bəri tətbiq edilən yanlış idarəetmə və sanksiyaların təsiri altına düşmüş iqtisadiyyatı canlandırmağa söz vermişdilər.
İranın son Prezidenti, ultramühafizəkar İbrahim Rəisi may ayında helikopter qəzasında həlak olub. Beləliklə, İran erkən prezident seçkilərinə gedib.