6 saylı məktəb-liseyin məzunlarının sürdüyü avtomobillərin kimə məxsus olduğu məlum oldu
Bakıda imkanlı və əsasən də vəzifəli şəxslərin övladlarının təhsil alması ilə məşhur olan Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin şagirdləri məzun olduqları gün bahalı avtomobillərlə, sükan arxasına keçərək Bakıda avtoyürüş keçiriblər.
Məktəbin “11B, 11N, 11C” sinfindən məzun olan şagirdləri bahalı avtomobillərlə əvvəlcə məktəbin həyətində toplaşıblar. Daha sonra isə sükan arxasına əyləşərək, şəhərə doğru irəliləyiblər.
Sosial şəbəkələrdə yerləşdirilən videolarda 20-dən artıq, aralarında “Rolls-Royce”, “Range Rover, “Porsche”, “Audi”, “Lexus”, “Maseratti” kimi bahalı markalı avtomobillərin olduğu görünür. Şagird-məzunlar maşınların qəza işıqlarını yandıraraq şəhər küçələrində şütüyüb, əylənir, bir-birləri ilə ötüşürlər.
Meydan TV video görüntülərdə görünən 18 yaşından aşağı yeniyetmələrin sürdükləri bu avtomobillərin dövlət nömrə nişanlarından onların kimə məxsus olduğunu araşdıra bilib.
Bütün avtomobilləri olmasa da, bir neçəsinin sahibi bəlli olub.
Jurnalistlərin əldə etdiyi sənədlər göstərir ki, “Rolls-Royce Ghost” markalı, “90RR012″ dövlət nişanlı bu avtomobilin rəsmi sənədlərdəki sahibi Madər Əliəsgər oğlu Musayevdir. O, 6 çağırışda Milli Məclisin deputatı olub. Bu, o deməkdir ki, Azərbaycan müstəqillik əldə etdikdən 2023-cü ilə qədər, yəni vəfat edənə qədər, tam 28 il deputat mandatına yiyələnib. Madər Musayevin 14 iyul 2023-cü il tarixində ağciyər və böyrək çatışmazlığından vəfat etdiyi bildirilir.
“Rolls-Royce Ghost” modeli lüks avtomobil seqmentinin ən bahalı nümayəndələrindən biridir. Yeni bir “Rolls-Royce Ghost”un qiyməti təxminən 300,000-400,000 dollar arasında dəyişir. Lakin qiymət avtomobilin xüsusi sifarişlə hazırlanmış olmasından, əlavə xüsusiyyətlərindən və komplektasiyasından asılı olaraq daha da yüksək ola bilər.
İkinci fotoda gördüyünüz “Range Rover” markalı, “90SV505″ dövlət nişanlı avtomobilin sahibi isə Mətin Səda oğlu Quluzadədir (Qulubəyli). O, əvvəllər Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, müdafiə sənayesi naziri olmuş, hazırda isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini işləyən general-polkovnik Mədət Quliyevin qardaşı oğlu, yəni Səda Quliyevin oğludur.
“Range Rover”in qiyməti modelindən, komplektasiyasından və istehsal ilindən asılı olaraq dəyişir. Yeni bir “Range Rover” markalı avtomobilin qiyməti təxminən 100,000 dollardan başlayıb 200,000 dollar və daha yuxarı qiymətlərə qədər çata bilər.
Üçüncü fotoda gördüyünüz “Audi Q8” markalı, “10UH700″ dövlət nişanlı bu avtomobilin sahibi isə Cavanşir Hümmət oğlu Paşazadədir. O, 75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputat təyin olunub. 19 ildir ki, parlamentin deputatıdır. Cavanşir Paşazadə həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşıdır.
“Audi Q8”in qiyməti modelin xüsusiyyətlərindən, komplektasiyasından və istehsal ilindən asılı olaraq dəyişir. Yeni bir “Audi Q8″in bazar qiyməti təxminən 70,000-80,000 dollar civarında başlayır. Lakin daha yüksək səviyyəli versiyalar və ya xüsusi sifarişlə hazırlanmış modellər 100,000 dollardan artıq qiymətə satıla bilər.
Dördüncü fotoda gördüyünüz “Range Rover SUV” markalı, “90KK585″ dövlət nişanlı bu avtomobilin sahibi isə Rəfail Hüseyn oğlu Niftəliyevdir. O, 2018-ci ildən 2022-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri işləmiş, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin baldızı oğludur. Səfər Mehdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin komitədə yüksək vəzifəli şəxsləri həbs etməsindən bir gün sonra Prezidentin qərarı ilə işdən çıxarılıb. Rəfail Niftəliyev özü də Gömrük Komitəsində 2022-ci ilə qədər Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisi vəzifəsində çalışıb. İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Atası isə Naxçıvanın 30 illik deputatı olan Hüseyn Əsrafil oğlu Niftəliyevdir.
“Range Rover” avtomobilləri adətən premium seqmentə aid olur və qiymətləri kifayət qədər yüksək ola bilər. Yeni bir “Range Rover SUV” markalı avtomobilin qiyməti təxminən 100,000 dollardan başlayıb 200,000 dollar və daha yuxarı qiymətlərə qədər çata bilər.
Beşinci fotoda gördüyünüz “LEXUS GX460″ markalı, “90ES505” dövlət nişanlı bu avtomobilin sahibi isə Zaur Arif oğlu Məmmədzadədir. O, “NEXUS MMC” şirkətinin sahibidir. Atası Arif Məmmədzadə isə neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alim və professor, texnika elmləri doktorudur. 1991-ci ildən bu günə qədər ADNA-nın “Neft yataqlarının işlənilməsi və istismarı” kafedrasının professorudur.
“Lexus GX460″ modelləri premium “SUV” seqmentində yer alır və adətən yüksək qiymətə satılır. Yeni bir “GX460″ın qiyməti təxminən 50,000-70,000 dollar arasında dəyişir. İstifadə olunmuş modellər isə vəziyyətindən asılı olaraq daha aşağı qiymətə ola bilər.
Altıncı fotoda gördüyünüz “Maserati” markalı, “10OK333″ dövlət nişanlı avtomobilin sahibi isə Qüdrət Vəsadət oğlu Əzizovdur. O, “AUTO.AZ GROUP” MMC şirkətinin təsisçisidir. ABŞ-da hüquqşünas olaraq çalışdığı deyilir. Bir zamanlar deputat olmuş, hazırda isə Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri doktoru, professor-kardioloq Vəsadət Əzizovun oğludur. Vəsadət Əzizov həm də Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının direktorudur.
“Maserati” lüks avtomobil markasıdır və qiymətləri adətən yüksək olur. Yeni bir Maserati modelinin qiyməti modelindən, komplektasiyasından və bazardan asılı olaraq dəyişir, amma təxminən 150,000 – 200,000 dollar (və ya daha çox) aralığında ola bilir.
Bundan əlavə Xəzər Universitetinin nəzdində yaradılmış “Dünya məktəbi”nin şagirdləri də şəhərdə əylənərək, şütüyənlər arasında olub. Bu aşağıdakı fotoda gördüyünüz “Range Rover SUV” markalı, “10VO007” dövlət nişanlı avtomobilin rəsmi sənədlərdəki sahibi isə Sahib İdris oğlu Usubovdur. O, daxili işlər naziri olmuş, hazırda Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun qardaşıdır.
Yeni “Range Rover” modelləri premium “SUV” seqmentində yer alır və qiymətləri təxminən 100,000 dollardan başlayaraq 200,000 dollar və daha yuxarı ola bilər. Dəqiq qiyməti müəyyən etmək üçün avtomobilin spesifik modeli, ili və digər xüsusiyyətləri haqqında əlavə məlumat lazımdır.
Bu fotoda gördüyünüz “BMW X5″ markalı, “10SN575” dövlət nişanlı avtomobilin rəsmi sənədlərdəki sahibi isə Samir Tahir oğlu Cəfərovdur. O, “SETLINE” MMC şirkətinin təsisçisidir. Həmçinin Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi İctimai Şurasının sədridir. Setline MMC şirkəti dəfələrlə dövlət orqanlarının keçirdiyi milyon manatlıq tenderlərin qalibi elan olunur.
“BMW X5”-in qiyməti modelin xüsusiyyətlərindən, istehsal ilindən və vəziyyətindən asılı olaraq dəyişir. Yeni bir “BMW X5″-in qiyməti təxminən 60,000-80,000 dollar civarında başlayır, amma daha yüksək spesifikasiyalı versiyalar 100,000 dollardan çox ola bilər.
Prezidentin oxuyub-bitirdiyi məktəbdə baş verənlər
İlham Əliyev 2011-ci ildə Bakıdakı 6 nömrəli məktəbin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirakı zamanı bunları demişdi:
“Mənim üçün 6 saylı məktəb doğma, əziz məktəbdir. Mən on il burada, bu məktəbdə oxumuşam. Bütün bu ətraf ərazilər mənim üçün doğmadır. Mənim uşaqlıq yaşlarım elə bu məhəllədə keçibdir. Mən çox şadam ki, bu gün böyük tarixə malik olan 6 saylı məktəbin yeni həyatı başlayır. Mənim üçün məktəb illəri hər bir insan kimi unudulmaz illərdir. Burada, bu məktəbdə mənə verdikləri biliklərə görə müəllimlərimə minnətdaram və o xatirələri həmişə ürəyimdə saxlayıram”.
Azərbaycan qanunvericiliyinə görə yaşı 18-ə çatmayan vətəndaşların sürücülük vəsiqəsi almaq və avtomobil idarə etmək hüququ yoxdur. Bu da o deməkdir ki, videodakı 16-17 yaş aralığında olan şagirdlər avtomobil idarə edə bilməzlər.
6 saylı məktəb-liseydən Meydan TV-yə bildirilib ki, sosial şəbəkələrdəki görüntülər araşdırılıb:
“Bildiririk ki, 2024-cü il, iyunun 8-də səhər saat 5 radələrində təhsil müəssisəsinin 11-ci sinif şagirdləri valideynlərinə məxsus maşınlarla icazəsiz şəkildə məktəbin ərazisinə daxil olub və çəkiliş ediblər. Şagirdlər həm valideynləri, həm də sürücüləri ilə birgə olublar. Daha sonra həmin videoları sosial şəbəkədə paylaşıblar. Hadisə dərs günü deyil, həftənin şənbə günü baş verib. Məktəblilərin valideynləri ilə görüş keçirilib, onlara xəbərdarlıq edilib. İzahat yazdırılıb və müvafiq qurumlar məlumatlandırılıb”.
Məktəbdən Meydan TV-yə valideynlərin də sürücülərin də maşında olduğunu təsdiqləyən heç bir fakt verilməyib.
Yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Meydan TV-yə bildirib ki, avtomobilləri idarə etmək hüququ 18 yaşdadır. 18 yaşdan aşağı heç kimin sürücülük hüquq ola bilməz.
DİN-in mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, məktəbdəki hadisə ilə əlaqədar tədbir görülüb.