Abxazlar rus alıcılar üçün şərait yaradacaq qanuna qarşı çıxıblar
Özünü Gürcüstandan müstəqil elan etmiş Abxaziya daşınmaz əmlak bazarını rus alıcılar üçün aça biləcək mübahisəli qanunvericiliyi ləğv edib.
Cümə axşamı “parlamentin sədri” Laşa Aşuba qanun layihəsinin təşəbbüskarı olan dörd deputatın tələbi ilə layihənin geri götürülməsi barədə sənədi imzalayıb. Dörd nəfərdən heç biri bu barədə ictimaiyyətə açıqlama verməyib.
“OC Media” yazır ki, artan ictimai etirazlar fonunda qanun layihəsinin “parlament” tərəfindən qəbul edilməyəcəyi getdikcə daha aydın olub və deputatların əksəriyyəti bunun əleyhinə səs verəcəklərini bildiriblər.
Qanun layihəsini “prezident” Aslan Bjanya dəstəkləyib. Tərəfdarlar bunun iqtisadi inkişafa səbəb olacağını, qanun layihəsinin adının dəyişdirilərək, “Abxaziyanın Oçamçira, Tkuarçal və Qal rayonlarının sosial-iqtisadi inkişaf səviyyəsinin artırılması tədbirləri haqqında” qanun layihəsinə çevrildiyini iddia edirdilər.
Abxaziyada əcnəbilərə daşınmaz əmlak satışı uzun müddətdir ki, Suxumi (Suxum) və Moskva hakimiyyətləri arasında mübahisə mövzusuna çevrilib və indiyədək qadağan edilib.
Son günlər Abxaziyada qanun layihəsinə qarşı böyük etirazlar olub və minlərlə etirazçı ona qarşı çıxıb.
Hər şey hələ qabaqdadır
Görünən qələbələrinə baxmayaraq, qanun layihəsinin əleyhdarları hakimiyyətin qanun layihəsini daha sonra canlandırmaq niyyətində ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Jurnalist İzida Çania “Telegram” kanalında yazıb: “Çox güman ki, qarşıda daha böyük mübarizə olacaq”.
“Bağışlayın, amma bu, sevincdən boğulanlar üçündür, hər şey hələ qabaqdadır – Aslan Bjaniyanın itirəcək heç nəsi yoxdur, reytinqləri mənfi olub”, – deyə yazıb.
“Biz bu qanunun sadəcə olaraq parlamentin prosesindən çıxarılmasına icazə verə bilmərik, çünki o, başqa ad altında qayıda bilər və ya hakimiyyət etirazların effektli olmayacağı bir vəziyyət yarada bilər”, – müxalifət fəallarından biri “OC Media”-ya bildirib.
“Xarici investorlar tərəfindən daşınmaz əmlakın və mənzillərin tikintisinə və onların əcnəbilərə satılmasına ən azı moratoriumun qoyulmasına nail olmalıyıq”, – deyiblər.
Bəziləri həmçinin hökumətin qərargahı ətrafında aparılan yeni tikintiyə işarə edərək, hakimiyyətin binanı etirazçılardan müdafiə etmək üçün daha böyük hasar çəkməyi təklif etdiyini bildiriblər.
Mənzillər haqqında qanuna qarşı çıxan fəallar cümə günü deputatlarla ictimai görüş keçirmək üçün Abxaz Dram Teatrından istifadə etməyi xahiş ediblər. Ehtimal olunur ki, toplantıda mənzillərin tikintisinə və xarici vətəndaşlara satışına qadağa qoyulması tələbi irəli sürüləcək.
Xatırlatma
Gürcüstan ondan qopmuş Abxaziya və Cənubi Osetiyanı özünün Rusiya tərəfindən işğal olunmuş əraziləri hesab edir.
Rəsmi Tbilisi bildirir ki, Moskva separatçı bölgələrin müstəqilliyini tanımaqla və orada öz qoşunlarını yerləşdirməklə Gürcüstanın ərazi bütövlüyünə qəsd edib.
Abxaziya 1993-cü ildə Gürcüstanla müharibənin ardınca müstəqilliyini bəyan edib.
2008-ci ildə Rusiya və Gürcüstan arasında 5 günlük müharibənin ardınca Rusiya Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərini tanıyıb. Abxaziyanın müstəqilliyini yalnız Rusiya, Venesuela, Nikaraqua, Nauru və Suriya tanıyıb.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.