ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) qarşıdakı həftələrdə Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) ilə səmərəli əməkdaşlığa ümid edir.
Boyukmillet.com xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati Bakıda keçirilən mətbuat konfransı zamanı deyib.
D.Buşati vurğulayıb ki, missiya artıq Azərbaycan Xarici İşlər Nazirliyində və Mərkəzi Seçki Komissiyasında görüş keçirib: “DTİHB indiyədək Azərbaycanda 13 dəfə seçki müşahidə missiyası həyata keçirib. Sonuncu monitorinq fevralda keçirilən növbədənkənar prezident seçkiləri zamanı aparılıb”.
Missiya rəhbəri qeyd edib ki, seçkiləri müəyyən olunmuş prinsiplərə uyğun müşahidə edəcəklər: “Missiyasının yekun hesabatı seçki prosesi başa çatdıqdan bir neçə ay ərzində dərc olunacaq. Hesabatda biz də öz təklif və tövsiyyələrimizi təqdim edəcəyik. Müşahidələr şəffaf aparılacaq”.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.