Rauf Mirqədirov: “Şoyqu Azərbaycanı anti-İsrail koalisiyasına cəlb etmək istərdi, amma…”
Avqustun 5-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian və briqada generalı Məhəmməd Baqiri ilə görüşən Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bu gün Azərbaycana gəlib.
“The Wall Street Journal” yazır ki, İran lideri çətin anlarda Rusiyanın dəstəyinə arxalandığını bəyan edərək Moskva ilə münasibətlərin dərinləşməsini vacib sayıb:
“Pezeşkian İsrailin Qəzzada hərəkətlərini və HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsini pisləyib və bunu beynəlxalq qanunların pozulması adlandırıb”.
İran Prezidenti qeyd edib ki, çoxqütblü dünyanı təşviq etmək üçün Rusiya ilə birgə səylər qlobal təhlükəsizliyə töhfə verir.
Sergey Şoyqu Rusiyanın İranla əməkdaşlığa hazır olduğunu deyib.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.
Əliyev iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, məhz “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla qeyd edib.
Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də nümunə olduğunu deyən Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ikitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini deyib.
“president.az” yazıb ki, tərəflər “3+3” formatında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə deyib ki, Şoyqunun Tehrandan Bakıya gəlməsi və Azərbaycan Prezidenti ilə danışıqlar aparması ciddi amildir:
“Sözsüz ki, bu görüş İran-İsrail münasibətləri ilə bağlıdır”.
Hazırda Tehran-Moskva münasibətlərində keyfiyyət dəyişikliyinin baş verdiyini söyləyən Mirqədirov bildirib ki, İran beynəlxalq sanksiyalar altında olduğundan bu, hərbi əməkdaşlığı da əhatə edir:
“Son günlərdə isə Rusiya İrana hərbi sursat və əsasən hava hücumundan müdafiə vasitələrini çatdırır. Bu isə beynəlxalq sanksiyalar baxımından çox mübahisəli əməkdaşlıq olduğundan Azərbaycanın da maraqlarına təsir edir. Digər tərəfdən, Azərbaycanla İsrail arasındakı sıx əməkdaşlıq bir çox sahələri, o cümlədən, təhlükəsizliyi əhatə edir. Bu, yalnız silah və texnika sahəsindəki əməkdaşlığı nəzərdə tutmur. Həm də İsraillə Azərbaycan hərbi-texnikanın istehsalı ilə bağlı birgə müəssisələr də yaradıb”.
“Bundan əlavə, xüsusi xidmət orqanları istiqamətində Azərbaycanla İsrail arasında ciddi əməkdaşlıq var. Rəsmi şəkildə elan edilməsə də, strateji baxımdan İsrail Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Bu, lobbizmi də əhatə edir. Əlbəttə, Azərbaycan Fələstin xalqını dəstəklədiyini bildirir və bu, beynəlxalq təşkilatlarda müzakirədən o yana getmir. Yəni ərəb dünyası ilə Azərbaycanın münasibətləri kifayət qədər birmənalı deyil. Bu halda Şoyqu Azərbaycanı anti-İsrail koalisiyasına cəlb etmək istərdi. Amma düşünmürəm ki, Azərbaycan bu koalisiyaya qoşulsun. Əslində, Azərbaycanla İsrailin yaxın münasibətləri təkcə Rusiya və İranı yox, Türkiyəni də qıcıqlandırır”, – deyə Mirqədirov vurğulayıb.
“Hazırda hərbi əməliyyatları İsrail dövləti yox, Netanyahu hökuməti aparır”
Hazırda Türkiyədə yaşayan professor, siyasi analitik Toğrul İsmayıl hesab edir ki, Şoyqunun səfərinin əsas məramı regional təhlükəsizliklə bağlıdır:
“Moskva Azərbaycanın İran və İsraillə münasibətlərinə yaxşı bələddir. Belə məsələlərdə regional təhlükəsizlik yada düşür. Necə ki ABŞ-nin xarici siyasətində cavabdeh adamlar İsrailə səfər edəndə region dövlətlərinə də baş çəkirlər. Çünki regional problemləri bir ölkə ilə müzakirəyə çıxarıb həll etmək mümkün deyil. Bütün region dövlətlərin mövqeyini öyrənəndən sonra ortaya bir plan qoymaq mümkündür. Rusiyanın da hədəfi budur. Rusiya hələ Sovet dönəmində İsraili ilk tanıyan ölkədir, sonradan diplomatik münasibətlər pozuldu, 1991-ci ildən yenidən bərpa edildi. Amma Rusiya İsraili ABŞ-nin Yaxın Şərqdə “çomağı” kimi gördüyü üçün digər ölkələrlə işbirliyini gücləndirir. Ona görə də bu cür məsələlər sadə deyil”.
Toğrul İsmayıl indiki həssas vəziyyətdə Rusiya-Türkiyə münasibətlərinin də önəmli olduğunu vurğulayıb:
“Türkiyənin Azərbaycanla münasibətlərini də kənara qoymaq olmaz”.
Azərbaycan-İsrail münasibətlərinin Türkiyə və İranın maraqlarına zidd olmasına gəlincə, Toğrul İsmayıl bunu belə şərh edib:
“İranın Ermənistanla münasibəti Bakının maraqlarına və Tehranla münasibətlərinə zidd deyilmi? Hazırda hərbi əməliyyatları İsrail dövləti yox, Netanyahu hökuməti aparır. Türkiyəni də İsraillə iqtisadi əlaqələri kəsməməkdə ittiham edirlər. Bu əlaqələri dayandırmaqla İsrail dövlətinə zərbə vurulur. Amma məsələ ondadır ki, burada Netanyahu hökuməti günahkardır, beynəlxalq hüquqa zidd hərəkət edir, 40 mindən çox insan öldürüb. Necə ki 90-larda Ermənistan Azərbaycana qarşı edib. Ona görə Azərbaycan da bu məsələdə obyektiv yanaşdı, mövqeyini ifadə etdi. Ancaq məsələ ondadır ki, Azərbaycanda bu məsələləri qarışdırırlar”.
“SSRİ “Fəth”lə bərabər erməni terror təşkilatlarını da maliyyələşdirirdi, çünki maraqları üst-üstə düşürdü. Amma HƏMAS Qarabağ məsələsində Azərbaycanı təbrik etdi. Müdafiə etmirəm, faktı deyirəm. Beynəlxalq hüquq var, Azərbaycan da onun üzərindən hərəkət edir. Ərdoğan da müharibədən əvvəl Netanyahuyla görüşdü, Türkiyəyə dəvət etdi. Lakin Netanyahu öz hakimiyyətini qorumaq üçün müxtəlif bəhanələrlə savaşa başladı. ABŞ istisna olmaqla, BMT-dəki əksər dövlətlər İsrailin beynəlxalq hüququ “çeynədiyini” bəyan edirlər”, – Toğrul İsmayıl belə deyir.