Cümə , 22 Noyabr 2024
Drone Cameras

Frank Şvabe Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisinin bəyanatına Almaniya Parlamentinin üzvü Frank Şvabe “X” platformasında cavab verib.

“Demokratik ölkələrdə səyahət qadağaları yalnız ekstremistlərə və zorakı cinayətkarlara şamil edilir. Güman edirəm ki, mənim Azərbaycana giriş qadağası daha çox qüsursuz diktaturanın əlamətidir” , o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs vermiş deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

“AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniya Parlamentinin üzvü Frank Şvabenin “Azərbaycan əleyhinə” səsləndirdiyi fikirlərə dair cavabında deyib.

Almaniya Parlamentinin üzvü Frank Şvabe “Azadlıq Radiosunda” 23 avqust tarixində dərc edilmiş müsahibəsi zamanı Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, Azərbaycanın Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib.

Yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ölkənin Avropa Şurası qarşısında “əsas öhdəliklərini yerinə yetirməməsi”, eləcə də prezident seçkilərinə Assambleyadan müşahidəçilər dəvət etməməsi səbəbindən 1 il müddətinə təsdiq etməyib.

Bu qərarın lehinə 76 deputat səs verib, 10-u “əleyhinə” çıxıb, 4-ü isə bitərəf qalıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …