22 iyul 2024-cü il tarixində axşam saatlarında redaksiyamıza Salyan Rayon KXCP-dən telefon zəngi daxil olmuşdur. Telefon zəngi zamanı, hal hazırda mühacirətdə olan KXCP müşahidə şurasının üzvü və sədri vəzifələrini icra etmiş İxtiyar Mustafayevin evinə polis tərəfindən qanunsuz basqın edildiyi bildirilmişdir.
Evdə kimsə olmadığı üçün içəri daxil ola bilmədik 23 iyul 2024-cü ildə səhər saat 10 raddələrində bildirilən ünvana gedərək bütün bu hadisələrin şahidi olmuş şəxslərlə görüşməyə çalışdıq. Onların bildirdiyinə görə İxtiyar Mustafayevin evində polis tərəfindən 22 iyul 2024-cü il tarixində günorta saatlarında qanunsuz basqın edilərək axtarış aparıldığını öyrəndik. Onların evində məskunlaşan baldızı oğlu Elməddin Hüseynov polislərdən “ev axtarışı”-nı təsdiqləyən rəsmi sənəd tələb edərək bu basqına əngəl olmaq çalışmışdır. Lakin bu heç bir fayda verməmiş və o Salyan rayon polis bölməsinə aparılmışdır.
Hadisə şahidlərinin bildirdiyinə görə evdə axtarış tədbirləri keçirilmiş, hazırda mühacirətdə olan ailə üzvlərinə məxsus bəzi əşyalar və sənədlər polis tərəfindən götürülmüşdür. Hətta qonşuluqda yaşayan bir neçə şəxs İ. Mustafayevin həyətinə daxil olaraq nə baş verdiyini öyrənməyə çalışsa da polis əməkdaşları onları da həbs edəcəkləri ilə hədələyərək həyətdən qovmuşlar. Əməliyyata rəhbərlik edən Əli adlı mülki geyimli polis işçisi onların üstünə qışqıraraq “düşmən ölkəsinə sığınan vətən xainlərini müdafiə etmək sizəmi qalıb? Hamınızı it leşi kimi aparıb tökərik bölməyə? Rədd olun burdan!” deyərək insanları təhdid etməyə başlayıb. Həmçinin E. Hüseynovun hələ də polis bölməsində saxlanıldığı bildirildi.
Redaksiyamıza məlumat ünvanlamış KXCP rəhbərliyi ilə də görüşdük, lakin onlar da bu axtarışla bağlı polis tərəfindən heç bir rəsmi sənəd təqdim edilmədiyini və bu axtarış fəaliyyətinin qanunsuz olduğunu bildirdilər. Həmçinin İ. Mustafayev və onun ailə üzvləri barəsində məlumat verən partiya məclisinin sədri V. Hacıyev bu ailəni çox yaxından tanıdığını, onların Salyan rayonunda xüsusi nüfuza sahib olduqlarını, İ. Mustafayevin rayonda müxtəlif rəhbər vəzifələrdə çalışmasına baxmayaraq hələ Sovet hakimiyyəti dövründə siyasi fəaliyyətə atıldığını, uzun illər Meydan hərəkatında və Azərbaycan Xalq Cəbhəsində fəal mübarizlərdən biri olduğunu, eləcə də uzun illər KXCP Salyan rayon partiya şöbəsinin müşahidə şurasına rəhbərlik etdiyini bildirdi. V. Hacıyev onu da bildirdi ki, Mustafayevlər ailəsi mühacirətdə olsa da daim bizimlə əlaqə saxlayır, eləcə də mühacirətdə olan partiya fəalları daim Mustafayevlər ailəsi ilə sıx əlaqədədirlər.
Ailənin ölkəni tərk etmək məcburiyyətində qalması faktını ürək ağrısı ilə ilə vurğulayan V. Hacıyev bildirdi ki, İ. Mustafayevin hər üç oğlu da ataları kimi siyasi arenada xüsusilə seçilən fəallardır, onlar siyasi fəaliyyətləri ilə bərabər həm partiyaya, həm də partiya üzvlərinə daim maddi və hüquqi yardımlar göstərmişlər. Lakin bu ailənin rastlaşdığı ilk qanunsuzluq deyil, ailənin bütün fərdləri “xüsusi siyasi fəaliyyətləri” ilə daim göz önündə olduqları və siyasi əqidələrinə sadiq qaldıqları üçün ayrı ayrılıqda amansız siyasi təqiblərə məruz qalaraq mövcud hakimiyyətin hədəfinə çevrilmişlər. Nəticədə, şərlənərək həbs edilmə təhlükəsi ilə üz-üzə qaldıqları üçün bütün ailə ölkəni tərk etməyə məcbur qalmışdır.
Sonda V.Hacıyev onu da bildirdi ki, ailə bütünlüklə ölkəni tərk etsə də, hələ də onlara qarşı qanunsuzluqlar davam edir. Bu sonuncu hadisə də bu qanunsuz təzyiqlərin davam etdiyinin, hakimiyyətin onlara qarşı barışmaz mövqedə olduğunun sübutudur.
Qeyd edilən məsələlərə hüquqi müstəvidə aydınlıq gətirmək üçün dəfələrlə Salyan rayon polis bölməsi ilə əlaqə saxlamağa çalışsaq da, bizə heç bir məlumat verilmədi və telefonlar üzümüzə qapatıldı. Nəticədə nə bu qanunsuz axtarışın keçirilmə səbəbi, nə də E. Hüseynovla bağlı heçnə.
Boyukmillet.com