Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ABŞ Bakı ilə Yerevan arasında sülhü irəli aparmaqda qətiyyətli olduğunu deyir

Əliyev Baydenin köməkçisi ilə görüşüb

Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterlə görüşüb.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, Karpenter ABŞ Prezidenti Cozef Baydenin məktubunu Əliyevə təqdim edib.

O, ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayıb.

Bildirib ki, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanlar var.

Karpenter bildirib ki, müqavilənin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanlar yaranacaq və ABŞ-nin bu prosesi irəli aparılmasında qəti dəstəyi var.

İlham Əliyev sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyib.

Ölkə başçısı Azərbaycanın regional sülh gündəliyini dəstəklədiyini vurğulayıb.

Əliyev qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur.

Onun sözlərinə görə, Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanması yolunda başlıca maneədir.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …