Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Prokurorluq vətəndaşın polis tərəfindən şərləndiyini təsdiqləyib

Şəmsiyyə Manafova bir ildən sonra azadlığa buraxılıb

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakini Şəmsiyyə Manafovanın 6-cı polis bölməsinin əməkdaşları tərəfindən şərləndiyini prokurorluq da, məhkəmə də təsdiqləyib. 2023-cü il mayın 21-də həbs olunan Şəmsiyyə Manafova bu il sentyabrın 18-də azadlığa buraxılıb.

1971-ci il təvəllüdlü Şəmsiyyə Manafovaya qarşı Cinayət Məcəlləsinin 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Onun işi üzrə məhkəmə araşdırmaları bir ilə yaxın davam edib. Məhkəmə prosesinin sonunda prokuror ittihamdan imtina edib. Dövlət ittihamçısı təsdiqləyib ki, Şəmsiyyə Manafovaya qarşı ittiham məhkəmədə sübuta yetirilməyib.

İttihama əsasən, Şəmsiyyə Manafova küçədə saxlandıqdan sonra onun cibindən 6 bükümdə 3 qram marixuana, daha sonra evində axtarış zamanı dolabın içindən sellofan torbada daha 285 qram da narkotik tapılıb. İttihamda o da qeyd olunub ki, Şəmsiyyə Manafova bu narkotik maddəni “Instagram” vasitəsilə tanıdığı İran vətəndaşından satmaq məqsədilə alıb.

Şəmsiyyə Manafova bildirib ki, ona qarşı ittiham saxtadır. Binəqədi rayonu, 6-cı polis bölməsinin əməkdaşlarından biri gəlini ilə münasibətlərinə görə onu şərləyərək, həbs elətdirib. Onun sözlərinə görə, cibinə də, evinə də qoyulan narkotik polislərin özünə məxsusdur. Polis bölməsində 4 saat döyüldüyünü, istintaq təcridxanasına köçürülərkən bədəninin gömgöy olduğunu deyən Şəmsiyyə Manafova bildirib ki, təcridxananın qeydiyyat kitabçasında üzərindəki xəsarətləri qeydə alıblar. Ekspertiza da xəsarətlər haqda rəy verib.

Şəmsiyyə Manafova deyib ki, gəlini sosial şəbəkədə pul yarışına qoşulub, lakin aldadılıb. Onu aldadanların cəzalandırılması üçün polisə şikayət edib. Biləcəri qəsəbəsi üzrə 6-cı bölmədə ərizə yazıb.

Elə bu məsələ ilə əlaqədar gedib-gələndə kibercinayətkarlıqla mübarizə bölməsində Anar adlı şəxslə münasibətləri yaranıb. Həmin ərəfədə Şəmsiyyə Manafovanın oğlu həbsdə olub.

Mayın 21-də 10 nəfərə yaxın polis əməkdaşının evinə basqın etdiyini və onu tutub polis bölməsinə apardığını deyən Şəmsiyyə Manafovanın bildirdiyinə görə orada fiziki işgəncə ilə yanaşı, həm də həyat yoldaşının, digər oğlunun həbsi ilə hədələnib.

6-cı polis bölməsinin cinayət-axtarış şöbəsinin əməkdaşlarından tutmuş, uşaqların tərbiyəsi üzrə inspektora qədər müxtəlif polislər dindirilib. Onlar iddia edib ki, Şəmsiyyə Manafova küçədə saxlanılıb, bölməyə gətirilib, burada cibindən narkotik çıxıb. Sonra evinə axtarışa gediblər. Evin ikinci mərtəbəsində Şəmsiyyə Manafova sellofandakı narkotiki polislərə təqdim edib. Polislərin dediyinə görə, bütün bunları öz gözləri ilə görüblər.

Lakin müdafiə tərəfi məhkəməyə videogörüntü təqdim edib. O görüntüdə 6-cı polis bölməsinin əməkdaşı Şəmsiyyə Manafovanın yaşadığı evin yanına gəlir, avtomobildən sellofan torbanı götürüb, onun gəlininə verir. Bu isə polislər evə gəlməmişdən az əvvəl baş verir.

Müdafiə tərəfi məhkəməyə həmçinin Türkan Manafova ilə 6-cı polis bölməsinin rəhbərliyi və əməkdaşları arasında olan danışıqları da təqdim edib. Söhbətlərin Türkan Manafova və polislər arasında olduğunu ekspertiza da təsdiqləyib. Danışıqların məzmunu isə Şəmsiyyə Manafovanın həbsi, onun döyülməsi, evə narkotik atılması, bütün bunların üstünün açılması, onun özü və vəkilinin şikayət etməsi, məhkəmədə dindiriləcəyi halda, necə ifadə verməsilə bağlıdır. 6-cı polis bölməsinin rəis müavini Vaqif Aslanov və digər polislər söhbətlər zamanı bir çox hallarda, onlardan şikayətçi olanların ünvanına söyüşlər işlədir, Türkan Manafovaya qorxmamağı məsləhət görür, heç kimin onlara heç nə edə bilməyəcəyini bildirir.

Danışıqların məzmunundan belə aydın olur ki, Şəmsiyyə Manafovanın cibinə və evinə narkotik atılaraq, onun həbs olunması planı 6-cı polis bölməsində Anar adlı şəxsin göstərişi əsasında həyata keçirilib.

6-cı polis bölməsinin rəis müavini də bu cinayət işi ilə əlaqədar dindirilib.

Bütün bu məsələlər sübuta yetirildikdən sonra prokuror ittihamdan imtina edərək, 6-cı polis bölməsinin əməkdaşlarının 53 yaşlı qadını şərləyərək həbsə göndərdiyini etiraf edib.

Qadını şərləyən şəxslərin haqqında hansı tədbirlərin görüldüyü barədə məlumat verilmir.

Check Also

Vüqar Oruc: “Vətəndaş qiymətləndirmədən narazı olsa, Palataya müraciət edə biləcək”

Azərbaycanda Qiymətləndiricilər Palatasının yaradılması qiymətləndirmə sektorunda qeyri-peşəkar fəaliyyətlərin qarşısını alacaq Boyukmillet.com xəbər verir ki, bu …