Çərşənbə axşamı , 3 Dekabr 2024
Drone Cameras

Məhkəmə qərarları: “Prokurorluq “Bandotdel”dəki işgəncəni araşdırmır”

Quba sakini: “Belə üsullarla məni şərləyib, iki ildir həbsdə saxlayırlar”

Quba rayon sakini, iki ilə yaxındır həbsdə olan Rəşid Məmmədov bildirir ki, onu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel” kimi tanınır-red.) o qədər döyüblər, ölümcül vəziyyətə düşüb. İdarənin işçiləri öləcəyini düşünüb, təcili yardım çağırıblar, həkimlər onu xəstəxanaya çatdırıblar. Xəstəxanada həyatını xilas etmək mümkün olub.

1982-ci il təvəllüdlü Rəşid Məmmədov bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən danışıb. O bildirib ki, yanvarın 12-də onu “Bandotdel”də elə döyüblər, sifəti, bədəni qan içində olub. Bu vəziyyətdə də barəsində xırda xuliqanlıq və polisin tələbinə tabe olmamaqla bağlı protokol tərtib edib, Nərimanov Rayon Məhkəməsindən onun 1 aylıq inzibati həbsi barədə qərar alıblar:

“Qanuna görə inzibati həbs məhkəmələrinin videoçəkilişi olmalıdır. Hanı mənim Nərimanovdakı məhkəməmin videoçəkilişi? Niyə hakim videoçəkilişlə aparmayıb məhkəməni? Mən harada, kimə tabesizlik göstərmişdim? Harada xuliqanlıq eləmişdim? Məni elə ölümcül hala salmışdılar ki, məcbur idilər 1 aylıq inzibati həbs qərarı alsınlar”.

Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi
Source: meydan tv

Onun sözlərinə görə, məhkəmə qərarından sonra da inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya yox, “Bandotdel”ə qaytarılıb və orada işgəncələr davam etdirilib.

Bir aylıq inzibati həbs müddəti başa çatandan sonra isə barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə cinayət işi başlanıb. İddia olunub ki, Rəşid Məmmədov 7 nəfərdən hədə-qorxu ilə pul tələb edib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində də bir ildir ki, həmin cinayət işi üzrə məhkəmə prosesi gedir. Rəşid Məmmədov cinayət işinin saxta olduğunu, şərlənərək həbs edildiyini bildirir. Onun sözlərinə görə, işgəncələrin də məqsədi törətmədiyi cinayəti boynuna götürməsi və onu həbsə göndərmək idi.

Səbəbinə gəlincə, o bildirir ki, uzun müddət Qubada bələdiyyədən torpaq sahələri icarəyə götürüb, orada alma bağları salaraq, məhsulu Rusiyaya göndərməklə pul qazanırdı. Bu işlərin hamısı qanuni şəkildə görülürdü, vergisi də ödənilirdi. 2022-ci ildə ona məlum olub ki, onun icarəsində olan torpaq sahələri qanunsuz olaraq, başqalarına verilib:

Foto: Rəşid Məmmədovun ailə albomundan

“Bunun arxasında dayanan şəxsin kimliyini öyrəndim, rayon polis şöbəsinə, prokurorluğa şikayət elədim. Mənə dedilər ki, sən ona bata bilməzsən, yuxarı səviyyədə adam tapmalısan. Mənə “Bandotdel”dən bir nəfərin nömrəsini verdilər. Onunla əlaqə saxladım, dərdimi dedim, sənədlərin surətini göndərdim. Bir neçə gün sonra dedi ki, gəl Bakıya, Nərimanov parkında görüşməyimizi dedi. Ora getdim, bir neçə mülki geyimli yaxınlaşdı, dedi ki, idarəyə getməliyik. Mən də onlarla getdim. Orada mənə dedilər ki, özün həbs olunacaqsan. Qabağıma narkotik qoydular. Razılaşmadım. Sən demə, bağ söhbətində mənim mübarizə apardığım adam elə bunların adamı imiş. Üstümə tökülüşüb o qədər döydülər, toka verdilər, huşumu itirdim. Bir də ayılanda gördüm ki, xəstəxanada mənə sistem köçürülür, ölümcül vəziyyətdəyəm”.

Rəşid Məmmədovun vəkilləri “Bandotdel”də ona qarşı işgəncələrlə bağlı şikayətin araşdırılması üçün Nərimanov Rayon Prokurorluğuna şikayət verib. Lakin prokurorun köməkçisi Rafiq Şıxəliyev işgəncə şikayətini əsassız sayıb. 2 aprel 2023-cü il tarixli qərarıyla cinayət işi başlanmasını rədd edib.

Vəkil bu qərarın ləğvi üçün məhkəməyə üz tutub. Nərimanov Rayon Məhkəməsi prokuror köməkçisinin qərarını haqlı saysa da, apelyasiya məhkəməsi onu ləğv edib. Bakı Apelyasiya Məhkəməsi hesab edib ki, prokurorluq kifayət qədər araşdırma aparmayıb. Rafiq Şıxəliyev hərtərəfli araşdırma aparmadan cinayət işi başlanmasını rədd edib. Ona görə də yenidən şikayət üzrə araşdırma aparılmalıdır.

Nərimanov Rayon Prokurorluğunda yenidən Rəşid Məmmədovun işgəncə şikayəti üzrə araşdırma başlayıb. Lakin 2024-cü il fevralın 27-də prokurorun köməkçisi Rafiq Şıxəliyev bir daha cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

Nərimanov Rayon Prokurorluğu. Foto: Baş Prokurorluqdan

Rəşid Məmmədov bildirib ki, bu qərar da əvvəlkindən heç nə ilə fərqlənməyib. O, yalnız polis əməkdaşlarını dindirməklə kifayətlənib: “Fevralda çıxarılan qərar mənə iki ay sonra göndərilib. Bu da ciddi qanun pozuntusudur. Əvvəlki qərarı məhkəmə ləğv etməsinə baxmayaraq, bu dəfə fərqli heç bir araşdırma aparılmayıb. Mənə elə işgəncə verilib ki, indi də üzərimdə izləri qalıb. Ekspertiza 2023-cü ilin aprelində keçirilib. Rəydə göstərilib ki, xəsarətlər var və yanvar ayında yetirilməyə uyğundur. “Bandotdel”in əməkdaşlarını dindiriblər, onlar deyiblər ki, guya 3 nəfər gəliblər Nərimanov parkına, mən onların yanında hay-küy salmışam, özümü yerə sürtmüşəm. Birincisi buna uşaq da inanmaz. Üç nəfərin hərəsi məni iki barmağı ilə tutsaydı, əllərindən çıxa bilməzdim. İkincisi, adam özünü yerə sürtməklə, iki il sonra da üstündə qalan xəsarət yaranmaz”.

Vəkil Nərimanov rayon prokurorunun köməkçisinin 27 fevral 2024-cü il tarixli qərarının da ləğvi üçün yenidən məhkəməyə müraciət edib. Məhkəmə bir daha prokurorluğun bu qərarını ləğv edib. Nərimanov Rayon Məhkəməsi qərarında göstərib ki, Rafiq Şıxəliyev işgəncə şikayəti ilə əlaqədar obyektiv, hərtərəfli araşdırma aparmayıb. Bu səbəbdən “Bandotdel”də Rəşid Məmmədovun başına gələnlərlə bağlı yenidən araşdırma aparılmalıdır.

“Bu cür üsullarla məni şərləyib, iki ildir həbsdə saxlayırlar. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində noyabrın 7-də prokuror mənə 13 il 2 ay həbs cəzası istədi. Bu qədər insafsızlıq, ədalətsizlik olmaz axı…”, – Rəşid Məmmədov əlavə edib.

Check Also

ABŞ hesabat yaydı: COVID-19 laboratoriyada hazırlanıb

Ehtimal olunur ki, virus qəza nəticəsində sızıb və geniş yayılıb ABŞ Konqresinin komitəsi COVID-19 virusunun …