Cümə axşamı , 14 Noyabr 2024
Drone Cameras

SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı yeni məhkəmə qalmaqalı

 Orxan İsmayılzadənin milyonlarla dəyəri olan daşınar və daşınmaz əmlakı məlum olub

SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı “atalığın müəyyən edilməsi və aliment tələbi” ilə bağlı illərdir davam edən məhkəmə prosesi yekunlaşıb. Sabunçu Rayon Məhkəməsində Fidan Abbasovanın iddiası üzrə çıxarılmış qərar Orxan İsmayılzadənin əleyhinə olub.

Baxmayaraq ki, Orxan İsmayılzadə atalığın müəyyənləşdirilməsi üçün məhkəmənin təyin etdiyi ekspertizadan keçməkdən imtina edib, amma məhkəmə başqa sübut-dəlillərlə qərar verib ki, Fidan Abbasovanın 2015-ci il təvəllüdlü qızının atası məhz odur. Üstəlik, azyaşlı uşağın saxlanmasına görə Orxan İsmayılzadənin üzərinə aliment ödəmək öhdəliyi də qoyulub.

Fidan Abbasova məhkəməyə Orxan İsmayılzadə ilə münasibətlərini təsdiqləyən sübutları, o cümlədən özünün və qızının onunla fotolarını, videogörüntüləri təqdim edib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, SOCAR-ın vitse-prezidentinin oğlunun milyonlarla dəyəri olan daşınar və daşınmaz əmlakları var. Məsələn, “Hummer”, “Porsche” markalı avtomobilləri, bir neçə mənzil və fərdi yaşayış evləri, obyektləri və s. Sabunçu Rayon Məhkəməsi onun üzərinə aylıq cəmi 500 manat aliment ödəmək öhdəliyi qoyub.

Orxan İsmayılzadə Sabunçu Rayon Məhkəməsinin qərarından narazıdır. O, qərardan apelyasiya şikayəti verib. Şikayətə yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Fidan Abbasova 2017-ci ildə də atalığın müəyyən edilməsilə bağlı məhkəmədə iddia qaldırıb. Lakin sonradan iddiasını geri çəkib. O, bu addımını həmin vaxt SOCAR-ın sabiq vitse-prezidenti – Orxan İsmayılzadənin atası Mikayıl İsmayılov tərəfindən aldadılması ilə izah edir.

1964-cü il təvəllüdlü Mikayıl İsmayılov 2005-2021-ci illərdə SOCAR-ın vitse-prezidenti olub. 2021-ci ildən bu yana “Ekol Mühəndis Xidmətləri” QSC-nin Direktorlar Şurasının sədridir.

Check Also

Bakıda yağışlar nəticəsində yaranan problemlə bağlı cinayət işi açılıb

Eldar Əzizov keyfiyyətsiz tikinti ilə bağlı istintaqın aparıldığını deyir Oktyabrın 22-də Bakıda güclü yağışlar nəticəsində …