Ekspert səbəbi inhisarda görür
Azərbaycanda kərə yağı bahalaşıb. Bahalaşma həm idxal, həm də yerli istehsalda müşahidə edilir. Satıcılar bildiriblər ki, ilin əvvəlində kiloqramı 17-18 manata satılan kərə yağının qiyməti hazırda 22-25 manat arasında dəyişir.
Kərə yağı son bir neçə ildə sürətlə bahalaşan ərzaqlar arasındadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvarında yerli kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat olub, mayda isə 19,36 manata yüksəlib. Yanvarda idxal olunan kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 19,53 manat, mayda 19,79 manat olub.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycana bu ilin yanvar-sentyabr aylarında 123 milyon 972 min dollar dəyərində 22 min 204 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. 2023-cü ilin məlumatında isə 9 ayda 67 milyon 194 min dollar dəyərində 12 min 49 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Yerli istehsala gəldikdə, bu ilin 9 ayında Azərbaycanda 22 345,4 ton kərə yağı istehsal olunub ki, bu də 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz çoxdur.
Bir çox istehsalçı kərə yağının bahalaşmasını dünya bazarında qiymətlərin artması ilə əlaqələndirir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə hesab edir ki, bahalaşma birbaşa inhisarla bağlıdır. İqtisadçı Meydan TV-yə bildirib ki, qiymətləri bazar tənzimləyir. Mal və məhsulların qiymətinə nəzarət olmamalıdır. Amma o halda ki, bazar iştirakçıları inhisarçı olmasın.
“Hökumətin vəzifəsi qiymətləri deyil, monopoliyanı cilovlamaqdır. Təəəsüf ki, Azərbaycanda əksini müşahidə edirik”,-Nəsirli qeyd edib.
İqtisadçının sözlərinə görə, bütün ölkələrdə, hətta keçmiş postsovet məkanında da inhisarın faizi rəsmi statistikada yer alır. Amma Azərbaycanda bununla bağlı araşdırma aparılmır, bu göstərici statistikaya salınmır. Çünki ölkədə iqtisadiyyatın az qala 90 faizi inhisardadır.
“Rəqabətin olmaması səbəbindən qiymətlər sürətlə artır, keyfiyyət aşağı düşür. Rəqabət bazar iqtisadiyyatının əsas amili kimi qiymətlərin formalaşmasına xidmət edir. Azərbaycanda kərə yağı istehsalı aşağı səviyyədədir, ölkə əhalisinin kərə yağına tələbatının təxminən 15-20 faizi yerli istehsal hesabına ödənilir”,-mərkəz sədri deyib.
Nəsirli qeyd edib ki, bir neçə müddət əvvəl kərə yağı bahalaşarkən sahibkarlara istinadən yerli mətbuatda bunu Yeni Zelandiyada yağın qiymətinin artması ilə izah ediblər:
“Həmin vaxt araşdırma apardım, məlum oldu ki, Yeni Zelandiyada əksinə kərə yağının qiyməti 8 faiz azalıb. Əhaliyə yanlış məlumat verməklə bahalaşmanı guya xarici faktorla əlaqələndirməyə çalışırdılar. Bizdə idxal da inhisardadır. Azərbaycana idxal edilən kərə yağının qiyməti 9-10 manatdır, iki-üç dəfə baha satırlar”.
Nəsirli hesab edir ki, idxalla məşğul olan sahibkarlar digərinin daha ucuz məhsul gətirə biləcəyindən ehtiyat etmirlər. Rəqabətin olmadığına əmin olduqlarından istənilən qiyməti müəyyən edirlər.
“Dünya bazarında yağın qiymətində cəmi 3 faiz civarında bahalaşma var. Bu da Azərbaycanda kərə yağının kəskin bahalaşmasına səbəb ola bilməz”,-Nəsirli bildirib.