TƏBİB araşdıracağını deyir, şöbə müdiri “narkoman” sayır
Birinci Qarabağ müharibəsi qazisi Hamlet Musa oğlu Əhmədov Respublika Neyrocərahiyyə Xəstəxanasından şikayətçidir.
O, Meydan TV-yə deyib ki, oktyabrın 31-də həmin xəstəxananın cərrahiyyə şöbəsində qasıq yırtığı (qrija) əməliyyatı keçirib, amma tam sağalmamış yola salınıb.
Dediyinə görə, noyabrın 10-da isə təkrar ağrılardan dolayı eyni əməliyyat keçirtmək məcburiyyətində qalıb.
Müharibə iştirakçısı xəstəxanada qarşılaşdığı kobud münasibətə görə iki gün öncə oranı tərk etdiyini deyir:
“Nə ağrıkəsici verilir, nə də gecələr xəstələri yoxlayırlar. İrad bildirənlər də növbətçi həkimlər və şöbənin baş həkimi tərəfindən təhqir olunurlar. Şikayətim əməliyyat həkimimdən yox, cərrahiyyə şöbəsinin müdiri Anar Abbasov və növbətçi həkimlərdəndir. Bizi ağrıkəsici dərmanlarla təmin etmirlər. Ağrılarım o qədər şiddətlidir ki, yalvarıb kömək istədim. Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız. Böhtan atıb bizi narkoman adlandırır, şəxsiyyətimi təhqir edir. Mən torpaq uğrunda vuruşub sağlamlığımı itirmişəm. Füzulidə yaralanmışam. Kəllə-beyin travmam, qəlpələrim var. Ağrıkəsici əvəzinə aldadıb “analgin”, “Dimedrol” vururlar, o da təsir etmir. Yeməkləri də bərbaddır. Səhər iki dilim çörəklə elə sup verirlər ki, xəstə yeyə bilmir. Bezib xəstəxananı tərk etdim ki, özəl xəstəxanaya gedim”.
“Dövlət xəstəxanasında xəstələrə zülm edirlər”
Neyrocərahiyyə Xəstəxanasından şikayətçi olan digər bir xəstə hazırda xəstəxanada yatan Göyçay sakini Müşfiq Dadaş oğlu Məmmədovdur.
Oktyabrın 26-da həyətdə xurma yığarkən yığılan vətəndaş onurğa sütünunun fəqərələrində yaranan sınıq diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə Respublika Neyrocərahiyyə Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
O, 22 gündür ki, xəstəxanadadır. Hərəkət edə və ağrılardan yata bilməyən xəstə Meydan TV-yə deyir ki, şöbənin baş həkimi tərəfindən məcburi xəstəxanadan çıxarılmaq təhdidi ilə üz-üzədir:
“Mənə zülm edirlər, artıq dözə bilmirəm. Şiddətli ağrılarım var, ağrıkəsici də vurmurlar. Şöbənin baş həkimi Anar Abbasov məcbur edir ki, xəstəxananı tərk edim. Deyirəm ki, kömək edin, sağalım, hərəkət edə bilim, çıxıb gedim. Deyir ki, bizlik deyil, çıx get. Dövlət xəstəxanasında xəstələrə zülm verirlər. Məni öldürürlər burada. Dəmir qoyublar ki, zamanla hərəkət edə bilim. Hazırda hərəkət edə bilmirəm. Deyir ki, təkrar Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərim. Axı bu işi bilən həkim olsaydı, məni bura göndərməzdilər. Çanaq hissəmdə güclü ağrılar var. Tibb bacılarını çağırıram, baxan yoxdur”.
“Elə bil dövlətin düşməniyik. Nə var sığorta ilə gəlmişik. 80 manat pulum vardı, tibb bacılarına verdim ki, baxsınlar, ağrıkəsici vursunlar. 24 tikişi 3-4 günə söküblər. Şöbə müdiri deyir ki, səni burada saxlamıram. Deyirəm, onda təcili tibbi yardımla göndərsinlər, deyir, yox, dur get. Axı hərəkət edə bilmirəm, necə gedim? Belə qaniçənlik, insafsızlıq olmaz axı. Dünən axşam az qaldı ki, həkim məni döysün. Sağ olsunlar əməliyyat ediblər, ancaq xəstəni belə alçaltmaq olmaz. Elə sözlər deyirlər ki, deyirsən, yəqin, narkozda olanda nəsə etmişəm. Utandığımdan onların təhqirlərini dilimə gətirə də bilmirəm”, – o belə deyir.
Müşfiq Məmmədov bildirib ki, hazırda yeriyə bilmir, amma onu hərəkət etməyə məcbur edirlər:
“Məni məcbur gəzdirib arxadan da videoya çəkirlər. Bunu ona görə edirlər ki, xəstəxanadan çıxarsınlar. Həm də əllərində əsas kimi saxlayırlar ki, mediada şikayətimiz çıxanda özlərini müdafiə edə bilsinlər”.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Meydan TV-yə deyilib ki, hər iki xəstənin şikayəti araşdırılacaq.
Xəstəxananın şöbə müdiri Anar Abbasov isə Meydan TV-yə açıqlamasında hər iki şikayətçinin “narkoman” olduğunu deyib:
“Hər ikisi narkomandır, bütün günü “Tramadol” davası aparırlar. Xəstə “ağrıyıram” deyəndə ağrıkəsici tələb edər, konkret “Tramadol” istəyi nə deməkdir?”.
“Onların narkoman olması yoxlanılıbmı, belə bir tibbi diaqnoz varmı? sualına şöbə müdiri belə cavab verib:
“Xeyr, yoxlamamışıq, ancaq “Tramadol” istəyi bizi əmin edir ki, onlar narkomandırlar. Mən onlara başqa ağrıkəsici deyəndə ancaq “Tramadol” istəyirlər. Sən ağrıyırsansa, nə fərq edir ki, nə ağrıkəsici vurulsun. Niyə məhz “Tramadol” istəyirsən? Hamlet Əhmədov mənim xəstəm deyil. Yalan deyir ki, guya burada xəstələrə xoş münasibət yoxdur. Əgər bunu görmək istəyirsinizə, səhər xəstəxanaya gəlin. Görün nələr edirlər burada. Biri dünən çıxıb, o biri şöbədədir. Məmmədov Müşfiqə görə digər həkimlərə göstəriş vermişəm ki, ağrıkəsici istəsə, mənlə əlaqə saxlayın. Mən lazımdırsa, təyin edəcəyəm, xəstə özünə “Tramadol” təyin edə bilməz. O xəstəyə “buranı tərk edin” deməmişəm, sadəcə, müalicə müddəti bitib. 22 gündür ki, burada yatır. Yaraları sağalıb, ancaq getmək istəmir”.
“Yoxlamadan narkotik istifadəçisi şəri atırlar”
Hər iki xəstə deyir ki, şöbə müdiri “narkoman iddiası” ilə onlara şər atır. Onlar həkimin bu ifadəyə görə məsuliyyət daşıdığını deyirlər.
Müşfiq Məmmədov hətta tibb bacılarının 5 manata onlara “Tramadol” vurduğunu da deyir:
“Güclü ağrı olanda tibb bacıları 5 manat alıb “Tramadol” və digər ağrıkəsicilər vurublar. Pulla alver edirlər, ancaq “Tramadol”u bəhanə edirlər ki, guya narkotik istifadəçisiyik. Ağrılar güclü olanda “Diklofenak” da vururlar, amma məndə mədə qanaxma verir. “Analgin”, “Dimedrol” da təsir etmir. Deyirəm ki, istəmirəm. Hər “Tramadol” vurulan narkoman olur? Həkimə dedik ki, yoxlayın ikimizi də, ancaq yoxlamadan narkotik istifadəçisi deyib şər atırlar”.
“Həkimi böhtanına görə məhkəməyə verəcəyəm”
Xəstəxanın tərk etmiş qazi Hamlet Əhmədov isə həkimi məhkəməyə verəcəyini deyir.
“Həkim bizi narkoman adlandırıb. Bir dəfə bu sözün üstündə onu palatadan qovmuşam. Mütləq gedib müayinə olunacağam. Görək kim təmiz çıxacaq. Əgər həkimin dediyi düz çıxmasa, onu məhkəməyə verəcəyəm”.