Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib
Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə riskinin artması ilə bağlı xəbərdarlıq edib.
Məlumatı “Turan” səfirliyə istinadən yayıb.
Səfriliyin müraciətində deyilir ki, Ukraynada təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq, noyabrın 21-22-də konsulluq qəbulu aparılmayacaq:
“Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla sığınacaqlara keçmələrini bir daha xahiş edir”.
Kiyevdə fəaliyyət göstərən bəzi xarici ölkə səfirlikləri, o cümlədən ABŞ, İtaliya, İspaniya, Yunanıstan da analoji çağırışlar edib.
“Associated Press” yazır ki, xəbərdarlıq spesifikliyinə görə qeyri-adi olub, çünki Rusiyanın hər gün davam edən hava hücumları Ukraynada adi hal alıb.
Bildirilir ki, bu xəbərdarlıq Ukraynanın Bryanskdəki silah anbarını ABŞ-nin uzaqmənzilli “ATACAMS” raketləri ilə vurmasından bir gün sonra edilib.
ABŞ Prezidenti Co Baydenin icazəsindən sonra Ukrayna ordusu “ATACAMS” raketlərindən istifadə edir.
Bundan sonra, noyabrın 19-da Vladimir Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını imzalayıb.
Dokrinada qeyd olunur ki, Qərb ölkələri Ukraynaya uzaqmənzilli silahlarından istifadəyə icazə verərsə, bu, NATO, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq.