“Rəfael Xələfov 11 ayın sultanı idi, 12-ci ay onu tapa bilmirdik”
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (“Salyanski kazarma”) maliyyə xidmətinə rəhbərlik etmiş Rəşad Məlikzadə də Müdafiə Nazirliyində 143 milyonluq yeyinti ilə bağlı cinayət işi üzrə həbs olunanlar arasındadır.
1 il 3 aydır ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyilə onun işinə baxılırdı.
Noyabrın 25-də onun məhkəməsi başa çatıb və polkovnik-leytenant 10 il 6 ay azadlıqdan məhrum edilib.
Rəşad Məlikzadə 9 milyon 360 min manatlıq mənimsəmədə təqsirləndirilsə də, o, bu məbləğlə razılaşmır.
Təqsirləndirilən polkovnik istintaq dövründə 160 min manat, məhkəmə prosesinin gedişində də 698 min manat ödəniş edib.
Onun yaxınlarına məxsus xeyli əmlakın üzərinə həbs qoyulmuşdu.
Məhkəmənin gedişində bəzi əmlakların üzərindən həbs götürülüb, onların satışından əldə edilən vəsait ziyanın ödənilməsinə yönəldilib.
Bununla belə, ümumi dəyəri 2 milyon manat civarında qiymətləndirilən bir neçə daşınmaz əmlak da noyabrın 25-də çıxarılan hökmə əsasən müsadirə edilib.
Rəşad Məlikzadə hesab edir ki, onun üzərindəki 9 milyon 360 min manatlıq mənimsəmə ittihamı şişirdilib.
O bildirib ki, başqalarının mənimsədiyi məbləğlər də onun üzərinə yazılıb.
Məlikzadə konkret olaraq, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin keçmiş rəisi Rəfael Xələfovu ittiham edir:
“O, əmr edirdi, kimin nə ixtiyarı vardı ki, icra eləməsin?! Rəfael Xələfovun tapşırıqlarını qeyd-şərtsiz icra edirdik. Kim ona söz deyə bilərdi? Pul çatandan sonra Rəfael Xələfov yox olurdu. 11 ayın sultanı idi, onu təftiş keçirilən 12-ci ay tapa bilmirdik”.
Rəfael Xələfovun özü də 143 milyonluq mənimsəmə işi üzrə həbs edilib, lakin 2023-cü ilin yayında azadlığa çıxıb.
Barəsində cinayət təqibinə isə xitam verilməyib.
O, Bakının Nəsimi və Səbail rayonlarının keçmiş icra başçısı, deputat Asif Əsgərovun qudasıdır.
Müdafiə Nazirliyindəki mənimsəmələrlə bağlı cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb. Həbs olunan 10 nəfərdən çox vəzifəli şəxs də 2022-cü ilin yanvar-fevral aylarında bu qurumun əməkdaşlarının keçirdiyi əməliyyatlar zamanı saxlanılıb.