Dekabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı – SPP şirkətinə təbii qaz tədarükünə başlayıb.
Boyukmillet.com bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.
Bu qaz təchizatları sayəsində SOCAR öz ixrac istiqamətlərini şaxələndirməyə davam edir. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə olub.
Qeyd edək ki, Slovakiyaya qaz tədarükü “Həmrəylik Həlqəsi” (STRING) təşəbbüsü çərçivəsində həyata keçirilir. Slovakiya Qaz və Neft Assosiasiyasının (SGOA) icraçı direktoru Rixard Kvasnyovski bu ilin may ayında bildirmişdir ki, STRİNG təşəbbüsü çərçivəsində Azərbaycan qazının Avropaya tədarükü ilkin mərhələdə ildə 5 milyard kubmetr təşkil edə bilər.
Bu təşəbbüs çərçivəsində 25 aprel 2023-cü il tarixində Sofiyada Bolqarıstan (“Bulqartransqaz”), Rumıniya (“Transgaz”), Macarıstan (FGSZ), Slovakiya (“Eustream”), eləcə də Azərbaycan Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
İndiyənədək Rusiya Çexiya və Slovakiyaya qaz tranzitini Ukrayna vasitəsilə “Qardaşlıq” qaz kəməri vasitəsilə aparır. Lakin 2024-cü ilin sonunda Ukrayna vasitəsilə Rusiyadan qaz tranziti üzrə müqavilənin müddəti başa çatır.
2023-cü ildə Slovakiyada istehlak edilən qazın ümumi həcmi 45,537 teravatt/saat (4,23 milyard kubmetr) təşkil edib.