Cümə axşamı , 5 Dekabr 2024
Drone Cameras

Rüfət Səfərovun həbsi ilə bağlı Şvabedən Əliyev hakimiyyətinə kinayəli reaksiya

“Əliyevin ailə hakimiyyəti AŞPA-ya qayıtmaq üçün şərtləri yerinə yetirməyə hazırdır”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe azərbaycanlı hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi  Rüfət Səfərovun saxlanılmasına reaksiya verib.

Bu barədə Frank Şvabe “X” platformasındakı hesabında yazıb.

O, baş verənləri İlham Əliyevin “sülalə hakimiyyəti”nin siyasəti kimi dəyərləndirib.

Şvabe prosesi kinayə ilə belə şərh edib:

“Rüfət Səfərovun saxlanılması İlham Əliyevin ailə və sülalə hakimiyyətinin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtması üçün şərtləri yerinə yetirməyə hazır olduğunu göstərir. Bu hazırlığın necə olması isə yanvar ayında AŞPA-nın təqdim etdiyi cavabda əskini tapacaq”.

Rüfət Səfərov niyə saxlanılıb?

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.

Ailə üzvləri deyirlər ki, Rüfət Səfərova həbs olunacağı barədə dəfələrlə xəbərdarlıq alıb. Ondan tələb edilib ki, insan haqlarının müdafiəsilə bağlı fəaliyyətini dayandırsın.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti hüquq müdafiəçisinin saxlandığını təsdiqləyib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub və bununla bağlı araşdırma aparılır.

Foto: Rüfət Səfərovun şəxsi arxivindən
Foto: Rüfət Səfərovun şəxsi arxivindən

Hüquq müdafiəçisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuluqanlıq) maddələrilə ittiham irəli sürülüb.

İddia olunur ki, hüquq müdafiəçisi torpaq satmaq adıyla Natiq İmamverdiyev adlı şəxsdən pul alıb, mübahisə zamanı onu vurub.

Rüfət Səfərov isə bu ittihamın saxta olduğunu, belə bir şəxsi öncədən ümumiyyətlə tanımadığını, dekabrın 3-də evə gələrkən yaşadığı binanın yanında ona hücum etdiyini, ardınca da polislərin onu tutub apardığını bildirir: “İttiham tamamilə şər və böhtandır, hüquq müdafiəçisi kimi fəaliyyətimlə bağlıdır”.

O bildirib ki, saxlanılması iki gün sonra ABŞ-yə gözlənilən səfərini əngəlləmək üçündür. O, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülüb və namizədliyini ABŞ-nin Azərbaycandakı səfiri cənab Libbi irəli sürüb.

Dediyinə görə, mükafatı ona ABŞ Dövlət katibi Entoni Blinken təqdim edəcəkmiş.

Şvabe – AŞPA-da Azərbaycana qarşı təşəbbüsün müəllifi…

2024-cü il yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırılıb.

Bu təşəbbüsün müəllifi isə Almaniyadan olan deputat Frank Şvabedir.

Şvabe və avropalı deputatlar bu addımı Azərbaycanda insan hüquqlarının boğulması və AŞPA məruzəçilərin ölkəyə buraxılmaması ilə əlaqələndiriblər.

Bundan sonra Azərbaycanın nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.

Almaniyalı deputat sonralar dəfələrlə çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevi diktator adlandırıb.

Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.

Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.

1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.

1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.

2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.

Check Also

ABŞ Rüfət Səfərovun saxlanılmasını diqqətlə izlədiyini deyir

Patel Bakını hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalara son qoymağa çağırıb ABŞ Rüfət Səfərovun saxlanılması …