Ermənistan prezidenti Serj Sarqsyan respublikanın baş naziri Karen Karapetyanın fəaliyyətindən narazılığını bildirib.
“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri yazıb.
Nəşrin məlumatına görə, S.Sarqsyan onun təyinatını prezident olduğu dövrdə ən ciddi səhvlərindən biri kimi dəyərləndirib.
“Bundan sonra Karen Karapetyana son 5 il ərzində Ermənistan ərazisində fasiləsiz yaşayış barədə ərizənin verilməməsi məsələsini aktuallaşdırmaq və istənilən yolla baş nazirin hakim Respublikaçılar Partiyasının deputatlığa namizədlər siyahısına düşməsinə və parlament deputatı seçilməsinə mane törətmək qərara alınıb. Bizdə olan məlumata görə, ərizənin verilməsinin hüquqi əsasları ilə son ana qədər keçmiş ədliyyə naziri, hazırda Prezident Aparatının rəhbəri David Arutyunyan məşğul olub. Amma ona da bu prosesi dayandırmaq göstərişi verilib”, – nəşr yazıb.