“Bircə onu deyib ki, özün bilirsən”
Siyasi Menecment İnstitutunun (SMİ) direktoru, siyasət elmləri üzrə fəlsəfə doktoru Azər Qasımlının saxlanıldığı bildirilir. Bu barədə məlumatı jurnalist Şahnaz Bəylərqızı sosial şəbəkələrdə Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlıya istinadən yayıb:
“Azər oğlunu futboldan götürməyə gedirmiş, amma az sonra yoldan zəng edib Samirə Qasımlıdan götürməsini istəyib. Samirənin “Nə olub?” sualına cavab verə bilməyib. Bircə onu deyib ki, özün bilirsən”,- Samirə Qasımlıya istinadla bildirilir.
Hazırda Azər Qasımlının telefonuna zəng çatmır.
2024-cü il noyabrın 22-də səfərə getmək istəyən Azər Qasımlı ölkədən buraxılmayıb. Bakı Hava Limanında sərhədçilər ona ölkədən çıxışına qadağa qoyulduğunu deyiblər. Qadağanın Daxili İşlər Nazirliyi (DİN) tərəfindən qoyulduğu bildirilib.
Daxili İşlər Nazirliyi məsələni şərh etməyib, hazırda işin araşdırıldığını deyib. Bir neçə gün sonra, noyabrın 25-də isə Azər Qasımlı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Azər Qasımlı şahid qismində dindirilib, ona hazırda araşdırılan bir neçə cinayət işi ilə bağlı suallar verilib. Qasımlı Meydan TV-yə deyib ki, qadağa ona aidiyyəti olmayan bir cinayət işi ilə bağlı qoyulub, amma daha çox SMİ-nin fəaliyyəti ilə bağlı suallar verilib. Azər Qasımlı təsisçisi olduğu SMİ ilə bağlı hansısa cinayət işinin olmadığını deyib. O bildirib ki, ölkədən çıxışına qoyulan qadağa tamamilə əsassızdır, çünki həmin cinayət işinin ona heç bir aidiyyəti yoxdur. Siyasətçi iltizam aktına qol çəkdiyi üçün işin detallarını açıqlamayıb. Amma bu məsələ ilə bağlı hüquqi addımlar atacağını da istisna etməyib.