“Biz Azərbaycan hökumətini üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”
ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan hökumətini həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu və Meydan TV-nin əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırıb.
Bəyanatda deyilir ki, ABŞ təkcə bu həbslərdən deyil, Azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı artan təzyiqlərdən dərin narahatdır:
“Rüfət Səfərov siyasi motivli həbslər və təqiblər, hökumətin korrupsiyası və işgəncə iddialarını sənədləşdirən və hesabatlar hazırlayan “Müdafiə xətti” vətəndaş cəmiyyəti təşkilatının həmtəsisçisidir. O, Azərbaycanda qalan azsaylı tam ştatlı hüquq müdafiəçilərindən biridir və işinə görə hədəfə alınıb. Azərbaycan hakimiyyəti cənab Səfərovu dekabrın 3-də, o, Dövlət katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatını almaq üçün ABŞ-yə getməsinə bir neçə gün qalmış saxlayıb”.
“AbzasMedia”nın baş redaktoru kimi Sevinc Vaqifqızı və komandası dövlət məmurlarının nəzarətində olan şirkətlərə qanunsuz tenderlərin keçirilməsi barədə məlumat verib, dövlət vəsaitinin külli miqdarda mənimsənilməsi ilə bağlı iddiaları araşdırıb. Onun işi hakimiyyətin qəzəbinə səbəb olub və Sevinc 2023-cü ilin noyabrından istintaq təcridxanasında saxlanılır. Sevinc Vaqifqızı dekabrın 9-da qiyabi olaraq Dövlət Katibinin 2024-cü il Antikorrupsiya Çempionları mükafatını aldı”, – Blinken xatırladıb.
“Biz Azərbaycan hökumətini insan haqları naminə müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təzyiqləri dayandırmağa, hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və ATƏT-ə daxil olarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”, – sənəddə qeyd edilir.
İctimai fəal Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrından həbsdədir. Öncə ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. 2023-cü il iyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib. Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb. Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir. Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.
İqtisadçı Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Qubad İbadoğlu ittihamları saxta adlandırıb. 2024-cü il aprelin 22-də onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Qubad İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.
“AbzasMedia” işi…
Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən “AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.
2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
2024-cü il mayın 31-də isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı “AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Daha sonra bu iş üzrə həbs edilənlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.
2024-cü il martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar arasında Ələsgər Məmmədli, “Toplum TV”-nin video-redaktoru Müşfiq Cabbar, III Respublika Platformasının spikeri Akif Qurbanov, Qurucu Heyətinin üzvü Ruslan İzzətli və digərləri var.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Dekabrın 4-də Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.
Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti verəcək.
Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır.
2023-cü ilin noyabrından Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.
Meydan TV zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib. 2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub. Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkə hesabları bir neçə dəfə kiberhücuma məruz qalıb.
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
Dekabrın 9-da Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyilə onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə Azər Qasımlının istintaq dövründə həbsdə saxlanması üçün müstəntiqin vəsatətinə və prokurorun təqdimatına baxılıb. Müstəntiq vəsatətini əsaslandırarkən bildirib ki, Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3 (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham edilir.
Azər Qasımlı zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Lakin vəkil bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Belə olan halda, Azər Qasımlının ondan hədə-qorxu ilə pul tələb etməsi haqda iddianın absurdluğu ortaya çıxır.
Azər Qasımlı həbsinin siyasi motivli olduğunu bildirərək deyib ki, həqiqətləri dilə gətirdiyinə, insanları aydınlandıran fikirlər səsləndirdiyinə görə cəzalandırılır:
“Bu gün Azərbaycanda siyasət yoxdur, mən də siyasətçi deyiləm. Çünki siyasət olmayan yerdə siyasətçi də olmur. Mən düz danışdığıma görə buradayam”.
Hakim Orxan Məmmədli Azər Qasımlı haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib.
Məhkəmədən sonra vəkil Aqil Layıc bildirib ki, qərardan apelyasiya şikayəti verəcək:
“Azər Qasımlı özü də bildirir ki, onun və həyat yoldaşının ölkədən çıxışına məhdudiyyət qoyulanda həbs olunacağı bəlli idi”.