Ceyhun Novruzovun sabah məhkəməyə çıxarılacağı gözlənilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Səbail rayon şöbəsinin sədri Ceyhun Novruzovun polis tərəfindən saxlandığı bildirilir.
Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.
Partiyadan bildirilib ki, Ceyhun Novruzov dekabrın 13-də axşam saat 21.00 radələrində “20-ci sahə” qəsəbəsində saxlanılaraq, Səbail rayonu, 8-ci polis bölməsinə aparılıb.
“Bölmədə Ceyhun Novruzov haqqında inzibati protokol tərtib edilib. Sabah onun məhkəməyə çıxarılacağı gözlənilir”, – AXCP-dən belə deyilib.
Partiyadan vurğulanıb ki, Ceyhun Novruzov heç bir pozuntuya yol vermədiyi halda, onun haqqında protokol tərtib edilib:
“İctimai-siyasi fəalların, o cümlədən də cəbhəçilərin xuliqanlıq, polisə müqavimətlə şərlənib həbs olunması ənənəvi metoddur. Burada təəccüblü və ya gözlənilməz heç nə yoxdur. Günahsız insanları nə vaxta qədər belə utanmaz-utanmaz şərləməyə davam edəcəklər?”
AXCP-dən vurğulanıb ki, hazırda partiyanın 10 nəfərdən çox üzvü həbsdədir.
Onların bir qismi narkotiklə şərlənib:
“Narkotikin nə olduğunu bilməyən adamları narkotiklə şərləyirlər”.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə iddia edir ki, həbs olunanlar konkret faktlar əsasında saxlanılıb.