Hərbi yardım ABŞ-nin Prezident Administrasiyasının Təhlükəsizliyi İdarəsi vasitəsilə göndəriləcək
Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostin Amerikanın Ukraynaya 500 milyon dollarlıq hərbi yardım göndərəcəyini açıqlayıb.
O, bunu yanvarın 9-da Amerikanın Almaniyadakı “Ramştayn” aviabazasında Ukrayna üzrə təmas qrupunun iclasında çıxışı zamanı deyib.
Hərbi yardım paketinə Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər, hava-yer döyüş sursatları və Ukrayna F-16-larını dəstəkləmək üçün digər avadanlıqlar daxildir.
Hərbi yardım ABŞ-nin Prezident Administrasiyasının Təhlükəsizliyi İdarəsi vasitəsilə göndəriləcək.
“Ramştayn”dakı görüş zamanı müttəfiqlər 2027-ci ilə qədər “Ukrayna üçün təhlükəsizlik yardımı səylərini” əks etdirən yol xəritələrini təsdiqləyiblər.
“Associated Press” daha əvvəl bildirmişdi ki, ABŞ Prezidenti Co Baydenin səlahiyyət müddəti başa çatana qədər administrasiyası Ukraynaya son hərbi yardım paketini yanvarın 9-da elan etməyə hazırlaşır.
Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Bayden administrasiyası Kiyevə 63,5 milyard dollardan çox yardım ayırıb. Ağ Ev yeni seçilmiş Prezident Donald Trampın vəzifəyə gəldikdən sonra təchizatı dayandıracağından ehtiyat edərək, son həftələrdə hərbi yardımın çatdırılmasını sürətləndirib.
Hazırda Amerikanın Almaniyadakı “Ramştayn” aviabazasında 50 ölkədən nümayəndələrindən ibarət Ukrayna üzrə Təmas Qrupunun 25-ci iclası keçirilir. “Reuters” xəbər verir ki, Donald Trampın yanvarın 20-də Prezident kimi fəaliyyətə başlamasından sonra bu qrupun gələcək fəaliyyəti sual altındadır.
Pentaqonun adını açıqlanmasını istəməyən yüksək rütbəli məmuru agentliyə deyib ki, qrupun fəaliyyəti dayandırılmır və Ukrayna üzrə Təmas Qrupu ABŞ-nin növbəti Prezident Administrasiyası tərəfindən idarə oluna bilər.
ABŞ-nin rəhbərliyi ilə “Ramştayn” formatı Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müdaxiləsinin başlamasından sonra 2022-ci ilin yazında Kiyevə hərbi yardımın əlaqələndirilməsi üçün yaradılıb. Bu format özündə 50-dən çox ölkəni birləşdirib.