Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? 

ABŞ dolları əsas dünya valyutalarına nisbətdə son iki ilin ən yüksək həddinə çatıb – dollar indeksi (DXY) 10 noyabr 2022-ci ildən bəri ilk dəfə 110 bəndi keçib.“Goldman Sachs” analitiklərinə görə, cari ildə dolların 5 faiz artacağı və avrodan daha baha olacağı gözlənilir. Bu, sonuncu dəfə 2022-ci ildə baş verib. Ekspertlər bildirir ki, Trampın birinci prezidentliyi dövründə də dollar oxşar davranış nümayiş etdirib. Dollar bahalaşır, bəs manatın aqibəti necə olacaq?

 Bu barədə  Moderator.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, bir neçə gün sonra Donald Tramp ABŞ-ın 45-ci prezidenti olaraq öz səlahiyyətlərinin icrasına başlayacaq:

“Amerika iqtisadiyyatı stabilləşməyə doğru gedir və dolların məzənnəsi təbii ki, digər valyutalara nisbətən daha da dəyər qazanır. Baş verən dəyişikliklər FED- in qərarına da təsir göstərəcək və bu dolların digər valyutalara nisbətən mövqeyinin daha da güclənməsi ilə nəticələnəcək. Dolların bahalaşması  və onun alıcılıq qabiliyyətinin yüksəlməsi digər valyutalardan da yan keçməyəcək. Azərbaycanda sərbəst məzənnə tətbiq olunarsa və monetar siyasətdən sərbəst monetar siyasətə keçid olarsa, o zaman dolların bahalaşması Azərbaycan manatına da  təsir göstərəcək. Hazırda dolların məzənnəsi milli valyutaya nisbətən tənzimləmə vəziyyətindədir və  baş verən  iqtisadi dəyişikliklər milli valyutaya hər hansı bir təsir göstərmir. O baxımdan mövcud durum davam edərsə, dolların güclənməsi məzənnəsinin dəyişməsinə təsir göstərməyəcək. Yox, əgər Azərbaycan hökuməti analoji qərar qəbul etsə və manatın kursunu sərbəst üzən tipə keçirərsə, o zaman manatın ABŞ dollarına nisbəti fərqli bir rəqəmlə ifadə olunacaq və sərbəst üzən valyuta məzənnəsi ilə indiki dövrdən müəyyən qədər fərqlənəcək”.

İqtisadçı ekspert diqqətə çatdırıb ki, dünya iqtisadiyyatının əsas məzənnəyə təsir imkanları, yerli istehsal, valyuta ehtiyatları və qızıl ehtiyatları ilə əlaqədardır:

“Bu istiqamətdə son illər Azərbaycan valyuta ehtiyatları artır. Azərbaycan  xammal iqtisadiyyatından istehsala əsaslanan iqtisadiyyata keçid edir. Belə bir şəraitdə, əgər 10 il əvvəlki kimi manatın kursu sərbəst buraxılsaydı, bu, daha ciddi və faciəvi nəticələrə səbəb ola bilərdi. Lakin hazırkı dövrdə bu cür bir addımın təsiri o qədər də ciddi olmayacaq. Bu addım yenə də ölkə iqtisadiyyatında müəyyən çaxnaşma yarada bilər”.

İqtisadçı hesab edir ki,  sərbəst üzən kursa keçmək hələ tezdir:

 “İndiki monetar siyasət, yəni dövlət tərəfindən intizabti qaydada manatın kursunun tənzimlənməsi davam etdirilməlidir. O vaxta qədər ki, Azərbaycan iqtisadiyyatı sərbəst kursa keçid zamanı milli valyutanın qorunması üçün kifayət qədər resurslara malik olsun. Hələ ki, resurslar mövcud deyil”.

Mehin Mehmanqızı

Check Also

ADB sosial müdafiə xidmətlərinin göstərilməsinə özəl sektorun cəlb edilməsində Azərbaycana kömək edəcək

Asiya İnkişaf Bankı (ADB) “Mərkəzi və Qərbi Asiyada sosial müdafiə xidmətlərinin göstərilməsinə özəl sektorun cəlb …