Zərdüşt Əlizadə: “Trampın düşüncəsində demokratiya deyə bir anlayış yoxdur“
ABŞ-nin 47-ci Prezidenti Donald Tramp yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayıb.
O, Vaşinqtondakı Kapitolidə and içdikdən sonra təxminən 30 dəqiqəlik çıxış edib.
Hakimiyyətə gəlməsini Amerikanın qızıl dövrünün başlanğıcı adlandıran Tramp yeni açıqlamalarla gündəmə gəlib.
“Bizdə indiyə qədər başqalarının sərhədlərini qorumaq üçün pul xərcləyən, lakin öz sərhədlərini qorumayan bir hökumət var idi. Bu gündən vəziyyət dəyişəcək. Artıq Amerikanın süqutu bitdi”, – Tramp vurğulayıb.
2024-cü ilin yayında seçki təbliğatı zamanı Pensilvaniyada silahlı hücuma məruz qaldığını da xatırlayan Tramp belə deyib:
“Allah məni Amerikanı yenidən böyük etmək üçün xilas etdi“.
O, fəaliyyətə Meksika ilə sərhəddə fövqəladə vəziyyətin tətbiqi ilə başlayıb, həmçinin dərhal milli enerji fövqəladə vəziyyətini elan edəcəyini, strateji ehtiyatları dolduracağını və Amerikanın enerjisini bütün dünyaya ixrac edəcəyini vəd edib.
Co Baydenin prezidentliyi dövründə qəbul olunmuş 78 qərarı ləğv edən Tramp yeni fərmanla Kubanı yenidən terrorizmə dəstək verən dövlətlər siyahısına salıb.
Tramp həmçinin ABŞ-nin Paris İqlim Sazişindən, Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı da fərman imzalayıb.
ABŞ Prezidenti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin müharibəyə son qoymaq üçün danışıqlar aparmalıdır.
Onun fikrincə, Putin razılaşmanı qəbul etməməklə Rusiyanı məhv edir.
“O, müqavilə bağlamalıdır. Hesab edirəm ki, o, razılaşmanı qəbul etməməklə Rusiyanı məhv edir. Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq. Çoxları bu müharibənin bir həftəyə bitəcəyini düşünürdü. Onun bu müharibəni bitirməsi yaxşı olardı”, – Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra jurnalistlərə deyib.
Tramp bildirib ki, razılıq əldə olunan kimi Putinlə görüşəcək. Həmçinin əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski də ona müharibəni bitirmək üçün sülh razılaşmasına razı olduğunu deyib.
Bəs Trampın budəfəki hakimiyyəti nə ilə yadda qalacaq, ümumiyyətlə, dünyanın geosiyasi düzənində nələr dəyişəcək?
Siyasi şərhçi Zərdüşt Əlizadə Meydan TV-yə deyir ki, dünya artıq yeni bir prosesin başlanğıcındadır:
“Dünyada üç proses gedir. Birincisi, sosializm ideyalarının süqutu idi. Bunun da səbəbi hakim zümrələrin acgözlüyü, əqidəsizliyi oldu. Ən parlaq nümunəsi SSRİ Kommunist Partiyasının Siyasi Bürosu üzvlərinin kimliyinin bəlli olmasıydı. Ümumdünya sosialist sistemi, dünya kommunizmi, Sovet İttifaqı getdi, hər şey dağıldı. Yerinə gələnlərin də kimliyi hamıya məlumdur, çünki hamısı ciblərini güdən adamlardır. Yalnız öz hakimiyyətlərini qoruyurlar, heç bir hüquq, əxlaq, mənəviyyat tanımırlar”.
“Hamısı oğru, ikiüzlü, xalqa biganə, öz dövlətlərinin gələcəyini düşünməyən adamlardır“
“İkincisi, Qərb sivilizasiyasının təzahürü olan liberalizm süquta uğradı. Yenə də səbəb eyni idi: hakim zümrələrin əqidəsizliyi, tamahkarlığı, cılızlığı və kütlüyü və s. Bu iki xarabanın (kommunizm və liberalizm) yerində üçüncü bir proses – yeni mühafizəkarlıq yarandı. Mühafizəkarlıq da guya keçmiş ənənələrə söykənir, amma belə deyil. İndiki mühafizəkarlıq yırtıcı imperializmə, maddi mənfəətə söykənir, burada hansısa fərdin istəkləri əsas rol oynayır. Rusiyada Putin rejiminin hansısa əxlaqi, mənəvi bir dəyəri varmı? Həyasızlıq, kütlə şüuru ilə manipulyasiya etmək, kütləni meymun kimi oynatmaq və əvəzində öz ciblərini doldurmaqdır məqsəd. Bu təkcə Putinə deyil, postsovet məkanında bütün dövlətlərə aiddir. Hamısı oğru, ikiüzlü, xalqa biganə, öz dövlətlərinin gələcəyini düşünməyən adamlardır. Qərb də eyni şeydir. Hazırda Qərb demokratiyası dərin tənəzzül içərisindədir. Şoltsa, Meloniya, Orbana, Trampa baxanda hər şey aydın olur. Demokratik, tam şəffaf seçkilər nəticəsində elə başdanxarab, əqidəsiz adamlar hakimiyyətə gəlir ki, onlar dünya və ölkə haqqında təsəvvürlərini öz düşüncələrinə uyğunlaşdırırlar”, – siyasi şərhçi bildirib.
“Yeni mühafizəkarlıq Trampın timalında süquta doğru gedir“
Onun sözlərinə görə, Trampın düşüncəsində demokratiya deyə bir anlayış yoxdur:
“Tramp da həmçinin belədir və onun üçün Amerika demokratiyası deyə bir məfhum yoxdur. Deyir ki, Amerikanı yenidən əzəmətli edəcəyəm. Hansı Amerikanı? Biri mənə izah eləsin ki, ABŞ nə vaxt əzəmətli və möhtəşəm olub? İmperialist müharibələr aparanda, Yaponiyaya atom bombası atanda və ya dünyanı istismar edəndə? Hazırda 36 trilyon dolar borcu var. Budur Amerikanın əzəməti? Yoxsa Kanadanı ABŞ-nin bir ştatı edəcəyi ilə bağlı hədələri və Qrenlandiyanı işğal edəcəyini deməsi? Faktiki Qrenlandiyada hərbi bazası var. Deyir ki, Panama kanalını alacağam, çünki orada Çinin nüfuzu güclüdür. Daha demir ki, onu hansı dövlətdən qoparmışıq. Vaxtilə Putin Krımı Xruşovun səhvi saydığı kimi, bu da Panamanı Cimi Karterin səhvi sayır. Yəni bu sözləri zarafatla demir, ciddi belə düşünür. İndi də üçüncü proses – yeni mühafizəkarlıq Trampın timalında süquta doğru gedir“.
Zərdüşt Əlizadə Trampdan müharibələrin həlli və demokratiya ilə bağlı gözləntisi olanları sadəlövh sayır:
“Azərbaycanda da bəzi sadəlövh insanlar var ki, xoş niyyətlərini dilə gətirirlər. Onlar hesab edirlər ki, Tramp istəyirsə, Nobel alsın, Əliyevlə Paşinyanı Vaşinqtona çağırıb sülhü imzalatdırar. Əvvəla, o müqavilənin bir qəpiklik qiyməti olmayacaq. Davamlı sülhün zəmanəti gerçək münasibətlər sistemidir. Yəni Azərbaycanla Ermənistan arasında xoş münasibətlər olsa, qarşılıqlı iqtisadi əlaqələr formalaşsa, o zaman davamlı sülh bərqərar olacaq“.
“Şovinist xalqa nə versən, yeyəcək, nə desən, edəcək“
Trampın Ukrayna-Rusiya müharibəsinin dayandırılması ilə bağlı fikrinə gəlincə, Zərdüşt Əlizadə bunu da o qədər ciddi qəbul etmir:
“Hazırda müharibə gedir, Ukraynanın 20 faizi işğal olunub, şəhərləri bombalanır, Putin tez-tez bu ölkəni nüvə silahı ilə hədələyir. Qərb ölkələri də nüvədən istifadəni istəmir, Ukraynaya da lazımi səviyyədə kömək etmirlər. Ukrayna da əvvəldən səhvə yol verdi, NATO-ya getməyə hazır deyildi, amma bəyan elədi ki, NATO-ya gedirəm. Rusiyanın ümumiyyətlə, bu məsələdə mövqeyi faşizmdir. Deyir ki, dünyada Ukrayna adlı dövlət yoxdur. Ukraynanın bütün əraziləri Rusiyanındır və biz bunu geri açacağıq və s. Üstəlik, istəyirlər ki, Odessa da daxil olmaqla, Ukraynanın Qara dəniz sahillərindəki ərazilərini tutsun və ölkənin dənizlə əlaqəsini kəssinlər. Macarıstan, Rumıniya və Slovakiyaya da təklif edirlər ki, siz də torpaqlarınızı Ukraynadan geri alın, dünyada belə bir dövlət yoxdur, olmamalıdır və s. Yəni bu, Rusiyanın rəsmi mövqeyidir. Xalqın da başını Böyük Rusiya şovinizmi ilə doldurublar. Şovinist xalqa nə versən, yeyəcək, nə desən, edəcək. Bəs ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi nədir? Aydın bir mövqe yoxdur“.
Əlizadə hazırda dünyada demokratiyanın dərin bir böhran içərisində olduğunu deyir.
O hesab edir ki, Trampın gəlişi ilə bağlı hər hansı ciddi bir dəyişikliklər olmayacaq:
“Çexoslovakiyanın Prezidenti Tomaş Masarik deyirdi ki, demokratiya azad və savadlı xalqın hakimiyyətidir. Azad və savadlı xalq Finlandiyada, İsveçdə, Norveçdə, İsveçdə, Danimarkada, Niderlanddadır. Şərqdə hardadır azad və savadlı xalq? Hamısı kölə, maddiyyata bağlıdır. Ona görə də xalq nəyisə özü istəməlidir, özü ona hazır olmalıdır, yoxsa kimsə gətirib ona nəsə verməyəcək“.
“ ABŞ institutlar üzərində formalaşmış ölkədir, burada “U“ dönüşü etmək çətindir“
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Meydan TV-yə deyir ki, Donald Trampın bundan sonrakı siyasəti ilə bağlı proqnoz vermək bir qədər tezdir.
“Düzdür, Tramp ilkin açıqlamalar verdi, bəzi fikirlər səsləndirdi. Məsələn, Rusiya-Ukrayna müharibəsi fonunda bəzi ilkin istiqamətləri vurğuladı. Bildirdi ki, Zelenski güzəşətli sülhə hazırdır və müharibə dayandırılmalıdır. Amma onu da vurğuladı ki, Rusiya sülhə hazır deyil və bu, Putin üçün çətin olacaq. Müəyyən illüziyalar vardı ki, Tramp Putinlə yaxındır, Ukraynanı satacaq və s. Bu çıxış həmin fikirləri arxa plana atdı“.
Milli Şura sədri deyir ki, ABŞ siyasəti tək Trampdan asılı deyil:
“Orada yeni adminstrasiya formalaşır. Artıq Tramp hökumətində təmsil olunan bir sıra şəxslərin çıxışları var. Məsələn, dövlət katibi öz çıxışlarında Ukraynanın müdafiə olunacağını deyir. Bilirsiniz, Amerikada dövlətin idarə olunmasında Prezidentlə yanaşı, adminstrasiya da ciddi rol oynayır. Yəni Amerikada mütləq hakimiyyət Prezidentə məxus deyil, çünki Konqres asılı deyil və müstəqil məhkəmə sistemi var. Ona görə də hadisələrin sonrakı inkişafını gözləmək lazımdır“.
Onun sözlərinə görə, Trampın Kanada, Qrenlandiya və Panama ilə bağlı dedikləri, sadəcə, seçki vədləridir:
“Bunlar beynəlxalq hüquqla tənzimlənən məsələlərdir. Kanadanı ABŞ-nin ştatı edəcəyəm demək, hələ bunu həyata keçirmək demək deyil. Yəni Trampdan asılı olmayan məsələlər var, amma bir daha qeyd edim ki, Ukrayna müdafiə olunacaq, hətta ABŞ siyasətində bir qədər geri çəkilmə hiss edilsə də, Avropa Birliyi Kiyevi müdafiə edəcək. Çünki Ukrayna həm də Avropanı Rusiya təhdidlərindən qoruyur“.
Cəmil Həsənli ABŞ siyasətində ciddi dəyişikliklərin olacağına inanmır:
“Amerika institutlar üzərində formalaşmış ölkədir, burada “U“ dönüşü etmək çətindir. Bu ölkənin istər insan hüquqları, istərsə də demokratiya ilə bağlı prioritetləri var və ondan geri çəkilmək ABŞ-nin beynəlxalq nüfuzunu kölgə altına alacaq“.
ABŞ-nin Paris İqlim Sazişindən, Ümumdünya Səhiyyə Təşkilatından çıxmasına gəlincə, Həsənli burada da bəzi maraqlı məqamların olduğunu deyir:
“Trampın Paris İqlim Sazişindən çıxması iqlim dəyişikliyi ilə bağlı bəzi problemlər də yaradacaq. Ola bilər bizim COP29-a çəkdiyimiz xərclər də batsın. İqlim dəyişikliyi ilə bağlı vədlər və miflər dağılsın. Amma buna qədər də Tramp NATO ilə bağlı çağırış etmişdi. Yəni xərclərini daha çox Avropa dövlətləri ilə bölüşdürmək istəyir ki, niyə böyük xərclər Amerikanın üzərində qalmalıdır“.
Milli Şura sədri bildirib ki, Yaxın Şərqdə isə sülhün bərqərar olması mümkündür:
“Ukraynadan fərqli olaraq, Yaxın Şərqdə sülhün olması daha tez mümkündür. Bundan başqa, Trampın Çin və İranla problemləri olacaq, eyni zamanda Rusiya ilə də. Mənə elə gəlir, avtoritar rejimlər sevinməkdə tələsirlər, amma onların sevincin uzun çəkməyəcək“.