Son vaxtlar Rusiya əleyhinə olan silsilə yazılarla bağlı təəccüb ifadə olunub
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırıldığı bildirilir.
Bu barədə Rusiya XİN-i məlumat yayıb.
Dəvət zamanı Rəhman Mustafayevi nazir müavini Mixail Qaluzin qəbul edib.
XİN-in məlumatına görə, görüş zamanı nazir müavini Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda əlaqələrin qurulmasının mütləq əhəmiyyətini vurğulayıb.
“Görüş zamanı Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə olan silsilə yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı təəccüb ifadə olunub”, – Rusiya XİN-in məlumatında deyilir.
Bir neçə gün öncə, yanvarın 24-də hakimiyyətyönlü “Baku TV” peyk telekanalında Bakıda yerləşən “Rus Evi” mədəniyyət mərkəzi ilə bağlı reportaj verilib.
“Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi” adlı süjetdə bu qurumun fəaliyyəti ilə bağlı bir sıra iddialar səsləndirilib.
Mixail Qaluzin bu iddiaları tamamilə əsassız adlandırıb.
Görüşdə həmçinin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması da müzakirə olunub.
“Faciənin bütün detallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb”, – Rusiyanın XİN-nin məlumatında deyilir.
2024-cü il dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb.
Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Prezident İlham Əliyev yerli mediaya deyib ki, sərnişin təyyarəsi Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalıb, idarəetməni tam itirib, Qazaxıstanın Aktau şəhərinə yönləndirilib və yalnız pilotların şücaəti, peşəkarlığı sayəsində qəza enişi edə bilib.
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarına zəng edərək başsağlığı verib və hadisənin Rusiya səmasında baş verdiyinə görə üzrxahlıq edib. Ancaq Rusiya hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.