Məhkəmə prosesinə sədrlik edən hakim Elnur Nuriyev siyasətçini cəzalandırmaqla hədələyib
Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə cinayət işindəki sənədlərin elanı mərhələsidir.
Siyasətçinin işi üzrə keçirilən budəfəki məhkəmə prosesində onunla hakim arasında mübahisə yaranıb. Buna Elnur Nuriyev, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyası məhkəmə zalına daxil olanda Tofiq Yaqublunun ayağa qalxmaması səbəb olub.
Məhkəmə prosesinə sədrlik edən hakim Elnur Nuriyev siyasətçini cəzalandırmaqla hədələyib. O bildirib ki, bu cür münasibət məhkəməyə hörmətsizlikdir. Hakim xatırladıb ki, qanunda məhkəməyə hörmətsizliyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.
Siyasətçi cavabında bildirib ki, təqsirsizliyi ortada ola-ola onu həbsdə saxlamaqla, haqlı vəsatətlərini rədd etməklə məhkəmə özü ona hörmətsizlik edir. Onun işinə baxan hakimlərdən qanuni və ədalətli hökm gözləmədiyini deyən Tofiq Yaqublu hakim Elnur Nuriyevə bildirib ki, onların verilən sifarişi yerinə yetirəcəklərinə əmindir.
Məhkəmədə cinayət işinin materiallarında olan bəzi sənədlər elan olunub, hakimin mobil operatora göndərdiyi sorğulara gələn cavablar elan edilib. Sorğular Tofiq Yaqublu ilə birlikdə mühakimə edilən Elnur Məmmədov (Vaqifoğlu) və zərərçəkmiş qismində tanınan Elşən Hüseynovun anten məlumatları ilə bağlı idi.
İttihama görə, Elşən Hüseynov Almaniyaya gedərək, orada vətəndaşlıq almaq istəyib və bunun üçün Elnur Məmmədova 25 min avro, 10 min manat pul verib. O da həmin pulları bu işi düzəltməsi üçün Tofiq Yaqubluya çatdırıb. Onların iddiasına görə, pul 2023-cü il dekabrın 8-də günorta Zabrat qəsəbəsində siyasətçiyə verilib.
Tofiq Yaqublu isə bildirir ki, həmin vaxt o, Pirşağı qəsəbəsində Milli Şuranın iclasında iştirak edib. Bu məsələni aydınlaşdırmaq üçün Milli Şuranın üzvü Vidadi Mirkamal da məhkəmədə dindirilmişdi.
Məhkəmədə mobil telefonlarla bağlı məsələ araşdırılanda aydın olub ki, 2023-cü il dekabrın 8-də Elnur Məmmədovun Tofiq Yaqubluya pul çatdırdığını iddia etdiyi vaxtda əslində, onlar fərqli ərazilərdə olublar.
Saxta sübutlarla həbsdə saxlandığını deyən Tofiq Yaqublu bildirib ki, bunun nəticəsi olaraq, 64 yaşını da bugünlərdə həbsxanada qeyd etmək məcburiyyətində qaldı. Onun sözlərinə görə, son 22 ildə dəfələrlə şərlənərək həbs edilib.
“1993-cü ildən bu yana polis idarələrində, həbsxanalardayam. Bir adamı nə qədər şərləyərlər?! Bir nəfər paqonlu, mantiyalı adam axtarıram, çıxıb desin ki, mən adamları şərləməklə, belə şərəfsizliklə çörək qazanmaq istəmirəm. Məhkəmədən çıxıb bahalı avtomobillərinizlə gedirsiniz rahat evinizə, heç fikirləşirsinizmi ki, bəs bu günahsız adamlar niyə getməməlidir?”, – Tofiq Yaqublu hakimlərə üzünü tutaraq deyib.
O, ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Siyasətçi bildirib ki, istintaq çoxdan bitib, yayılası sirr qalmayıb, məhkəmədən yayınmaq fikri də yoxdur.
Tofiq Yaqublu həmçinin evində axtarış zamanı iştirak etmiş iki hal şahidinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. O bildirib ki, həmin şəxslərə veriləcək çoxsaylı sualları var.
Hakimlər bildirib ki, bu vəsatətlər növbəti məhkəmə iclasında müzakirə olunacaq. Növbəti məhkəmə iclası isə fevralın 19-na təyin edilib.
Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.