Cümə , 27 Dekabr 2024
Drone Cameras

Ombudsman 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanat verib

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bəyanatda bildirilir:

“1990-cı il qanlı 20 Yanvar faciəsindən artıq 27 il keçir. Unudulması mümkün olmayan bu qətliam, insanlığa qarşı törədilmiş qatı cinayət hər dəfə ürək ağrısı ilə yad edilir. Yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı tarix təkcə acılarla xatırlanmayan, həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, fəxr və şərəf günüdür. Bu hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmindədir.

Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olmuş, yaralanmışlar. Hətta yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülmüşdür. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunmuş, yaralılar yerindəcə güllələnmiş, ağır hərbi texnikanın tırtılları altına salınmışlar. Azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün hətta cəsədləri məhv etmişlər.

İnsanlıq əleyhinə törədilmiş bu dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

O dövrdə faciə ilə bağlı ən ciddi və sərt bəyanatı Azərbaycan xalqı adından Ümummilli liderimiz Heydər Əliyev səsləndirmiş və 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir. Həmin bəyanatda bu qanlı hadisə ilə bağlı sovet dövlətinin başçısını birbaşa ittiham etməsi onun cəsarətinin, xalqına məhəbbətinin sübutu idi. Qeyd edilməlidir ki, bu qanlı hadisələr xalqımızın iradəsini qıra bilməmiş və bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyinin bərpası ilə nəticələnmişdir. 1993-cü ildə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar tarixini Ümumxalq Hüzn günü elan etmiş və bu gün respublikamızda hər il qeyd olunur.

Faciə qurbanları Bakıda və respublikamızın müxtəlif bölgələrində müqəddəs and yerinə, ziyarətgaha çevrilmiş Şəhidlər xiyabanlarında uyuyur, xalqımız həlak olmuş oğul və qızlarının milli-azadlıq mübarizəsini yüksək dəyərləndirərək daim onların məzarlarını ehtiramla yad edir. Həmin qanlı hadisələr zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar şəhidi” fəxri adı verilmiş, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə müvafiq müavinət, həmçinin şəhid ailələrinə Prezident təqaüdü verilir. Hər il olduğu kimi, bu günlərdə də müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmiş və icra olunmaqdadır.

Azərbaycan həqiqətlərinin, o cümlədən 20 Yanvar faciəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması qarşımızda duran mühüm vəzifələrdəndir. İştirak etdiyimiz çoxsaylı beynəlxalq konfranslardakı və digər tədbirlərdəki çıxışlarımızda xalqımızın məruz qaldığı soyqırımları və terror hadisələri, aprel döyüşləri, habelə 20 Yanvar faciəsi barədə ətraflı məlumat verilmiş, bununla bağlı bəyanatlarımız nüfuzlu beynəlxalq təşkilatlara göndərilmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq, 20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər mövcuddur. Eyni zamanda, bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar vardır. Göstərilənlərə əsasən ümid edirik ki, beynəlxalq qurumlar və dünya ictimaiyyəti Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq və cinayətkarlar cəzasız qalmayacaqlar”.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir