Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Xanımlar, bu şərəfsizlərin şantajına boyun əyməyin”

Tənzilə Rüstəmxanlı
 
“Başqasının xanımını santaj edərək, arvadına geyim-keçim almaqdırmı kişilik?”
 
Bu yazını yazmaq üçün çox düşündüm və bir neçə dəfə də yazmaqdan vaz keçdim. Sonra anladım ki, yazmaq lazımdır. Çünki bu bizim cəmiyyətin ciddi sorunlarından biridir. Bir çox insan bu acını yaşayır, sadəcə yazmağa cəsarəti çatmır. Bir müddət əvvəl görüşümə çox qədim dostum gəlmişdi. Biz onunla az-az görüşərik, yəni gərək dostu deyilik, ürək dostuyuq. Dərdləşdik, əslində dərdini anlatdı mənə. Bu yaxınlarda həbs edilən bir qəzet redaktorunun bir çox tanıdığı insanların başına açdığı oyunlardan danışdı, yıxdığı evlərdən, incitdiyi canlardan, etdiyi şantajlardan və onlardan təhdid yoluyla aldığı küllü miqdarda pullardan söz açdı.
 
Onu dinlədikcə dəhşət bürüyürdü məni. Bir qəzet redaktoru bu qədər cinayətləri təkbaşına necə törədə bilər? Bu cəmiyyət hara baxır? Hüquq mühafizə orqanları nə işlə məşğuldur ki, hər kəsin gözü önündə bunlar baş verir və kimsə də bu adama DUR deməyə, gözün üstündə qaşın var deməyə cəsarət etmir. Məlum oldu ki, o heç də tək başına deyilmiş, arxasını bizim keçmiş MTN-dən bir qrupa söykənibmiş. Əməlli başlı dəstə qurmuş və bu dəstəyə daxil olanların hərəsinin öz işi varmış. Oyun qurmaq, şər və böhtan atmaq, məqsədli şəkildə kimisə danışdırıb səs yazmaq. Vay ola hökümətin əleyhinə bir kəlmə söz deyəsən onda işin daha müşkül olur. Bu işdə isə bir ana-qızdan istifadə edirlərmiş. Bu cinayətkarlar həbs olunan kimi canlarına qorxu düşüb və qaçıb qərb bölgəmizdə bir rayonda gözdən iraqda yaşayırlar. Bəs onların insanlara çəkdirdikləri bu qədər əzabın günahı kimin boynunda olacaqd Yəni onlar məsuliyyətdən kənardamı qalacaqlar? Bunları eşitdikcə düşünürsən ki, Azərbaycanda da FETÖ mafiyası var və bunlar dövlətin bütün məqamlarına yerləşiblər. Sadəcə bir mətbuat orqanı bunları əllbəttə tək başına edə bilməz. 
 
Bunlar mənim üçün yad məsələlər deyildi. Mən də bu cəmiyyətdə yaşayıram, bu sorunların bir çoxunu da şəxsən         yaşamışam. Mənim üzüldüyüm özünə zərrə qədər hörməti olan şəxsiyyət sahiblərinin bu şantajlara boyun əyməsi, onların əsirinə çrvrilməsi, borca-xərcə düşərək bu cinayətkarlara pul verməsidir və cəmiyyətimizin bu əxlaqsızların yazdıqları böhtanlara inanacağı qorxusu ilə onların dediklərini etməsidir.
 
Yəni yazılan dedi-qodulara inanacaq qədərmi düşdü bizim cəmiyyətimizin səviyyəsi? Araşdırmadan, təhlil etmədən küçə ağzıyla danışan insanlara inanmaqdırmı bizim mədəniyyətimizin ölçüsü? 
 
Başqalarının anasını, bacısını, qızını, arvadını santaj edərək, evindəki, anasına, bacısına, xanımına geyim-keçim almaqdırmı kişilik? Bir qadını və qızını alçaq işlərə alət edərək, para-pul qazanmaq və bunu da edərkən arlanmadan, utanmadan lüks həyat yaşamaq kişilikdəndirmi? Ərkəkliyin Ə’si yoxdur bu cür insanlarda. Nökəri olduğu para babalarının yanında ayaqaltı olanlar, məzlumun başını “uf” demədən kəsir və bu cəmiyyətin üzvləri isə “mənə dəyməyən ilan yüz il yaşasın” düşüncəsiylə susursa, deməli mənəviyyatımız bitmişdir. 
 
Millətinin işğal altında olan torpağı, Qarabağla bağlı bir cümlə yazmayan, onun-bunun mətbəxindən yazmaqla məşğul olmağı qəzetçilikmi sayır bunlar? Erməniyə qələmiylə xidmət edənləri bu gün baş redaktor səviyyəsinə qaldırırlar, millətin ziyalılarını söydürürlər və sonra da işlərinə gəlməyəndə vətən xaini elan edərək həbsə atırlar ki, bu da millətə təhqirdən başqa bir şey deyil. 
 
Əlbəttə bu cəmiyyətdə namuslu sözün və qələmin qiymətini bilən bir çox yazar və baş yazarlar da var ki, onlar bu cür alçaqlıqlara boyun əyməzlər və əymədilər. İçlərində çox sayğı duyduğum dostlarım da var. Çox çətinliklərə rəğmən şərəfiylə yazmağı və qələmini satmadığını bilirəm. Zatən mətbuatımız onların adıyla tarixdə qalmağa davam edəcək. Qələmini və mənliyini satanlar isə tarixin zibilliyinə atılacaq.
 
Sevgili dostlarım və xüsusilə üzümü xanımlara tutaraq yazıram, nə olursa olsun, bu cür şərəfsiz insanların şantajına boyun əyməyin.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir