Cümə , 5 Dekabr 2025
Drone Cameras

“Kiçik yaşda böyük qələbə – ‘Azəri’ taekvondoçuları Moldovanı fəth etdi!”

May ayı taekvondoçularımız üçün uğurlu keçdi. Moldovada keçirilmiş “Tusah 5th Open Cup” beynəlxalq turnirində uşaq və yeniyetmə idmançılarımız Azərbaycanı uğurla təmsil ediblər.

670 taekvondoçu arasında “Azəri” taekvondo klubunun 10 üzvü yarışda iştirak edib və onlardan 8 nəfəri vətənə medallarla qayıdıblar. Ləman Kazixanova, İsmət Abdulov, İnci Rahova, Məhəmməd Abdullayev, Mehman Səlimov, Ayşən Abazərova qızıl, Cabir Dadaşov gümüş, Abdullah Umarov isə bürünc mükafatı qazanıblar.

Onların bu nailiyyətində əsas zəhməti, haqqı olan şəxs şübhəsiz ki, məşqçiləridir. Məşqçi Hüseyn Mehrəliyev taekvondo üzrə ikiqat Avropa çempionu, 8 dəfə Azərbaycan birincisi, dəfələrlə beynəlxalq turnirlərin qalibi olub.

Respublikamızın idman ustasıdır. Ölkənin ən perspektivli məşqçilərindən hesab edilir. Hazırda “Azəri” taekvondo klubunun məşqçisidir. İndi onun uğurlarına həm də yetirmələrinin uğurları əlavə olunur.

Komanda ilə görüşümüzdə məşqçi Hüseyn bəylə yanaşı balaca atletlərimizdən biri – Mehran Səlimovla da həmsöhbət olduq. Mehran 8 ardıcıl qələbə ilə bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə çıxanlardan biridir. Söhbət əsnasında məlum oldu ki, onun atası Vətən müharibəsinin iştirakçısı olub. Ata oğlunu vətənpərvər ruhda böyüdüb. Mehran deyir ki, atasının döyüş meydanında göstərdiyi şücaəti o idman meydanında davam etdirəcək. Taekvondoya da atasının istəyi ilə gəlib.

Boyukmillet.com saytı olaraq “Azəri”nin axırıncı qalibiyyəti münasibəti ilə klub heyətini, Azərbaycan Taekvondo Federasiyasını bir daha təbrik edir, yeni-yeni qələbə xəbərlərini gözləyirik.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …