Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Adil Əliyevin seçicilərlə növbəti izdihamlı görüşü baş tutub.
Boyukmillet.com xəbər verir ki, görüşdə şəhid ailələri, qazilər, veteranlarla yanaşı, ölkənin tanınmış ziyalıları, ağsaqqalları, idman cameəsinin üzvləri, sənət adamları və seçicilər iştirak ediblər.
Bildirilib ki, hər bir vətəndaş ölkədə gedən seçki prosesinə rəng qatmalı və seçki prosesində aktiv iştirak etməlidir: “Seçki mədəniyyəti qoy elə Nərimanov rayonundan başlasın. Bu seçkilərdə də biz hər kəsə nümunə olmalıyıq”.
Görüşdə çıxış edən namizəd Adil Əliyev bildirib ki, hər bir seçici onun üçün əziz, hər bir səs gələcəyimiz üçün vacibdir: “Bəli, biz xalqın qulluqçusuyuq. Ancaq siz özünüz də problemlərinizin həllində aktiv olmalısınız. Artıq 4-cü dəfədir ki, mən sizin qarşınızdayam, vədlər verirəm. Amma siz yaxşı bilirsiniz ki, mən o yağlı vədlər verənlərdən deyiləm. Ötən 15 il ərzində seçki qərargahımın qapısı heç bir zaman bağlanmayıb. Bundan sonra da hər bir seçicim üçün açıq olacaq.
Mən sizi burada görüb qürurlanıram. Qürurlanıram ki, vətəndaşlarımız yenidən bir araya gəlməyi bacarıb. Necə ki, Aprel döyüşlərində uşaqdan böyüyə hamı bir araya gələ bildi. Bizim xalqımız qorxaq deyil, hər zaman düşmənin üzünə düz baxmağı bacarmışıq. Bu insanları zorla bura gətirmək mümkün deyil. Biz çalışmışıq ki, 15 il ərzində xalqın yanında ola bilək. Heç bir müraciətə biganə yanaşmamışıq. Görünən odur ki, əvəzində sevgini də qazana bilmişik. Ölkədə seçki əhval-ruhiyyəsi artıq hamı üçün müşahidə olunur. Seçəcəyiniz namizəd qoy sizi tanıyan, sevdiyiniz, sizlərdən biri olsun. Bu seçkilər bir qədər fərqlidir və doğrudan da demokratik ab-hava yaşanır. Namizədlərin sayı çoxdur və hər birinin yolu açıq olsun”.
A.Əliyev bildirib ki, görüşlərdə məqsəd seçkidə səs toplamaq deyil:
“Onsuz da, sevginizi hər bir zaman hiss edirəm. Mənim sizdən istədiyim seçkilərdə aktiv iştirak etmək, bu vacib prosesdə yaxında iştirak etməyinizdir. Doğrudan da sizin qutuya atdığınız adlar həmin qutulardan çıxacaq. Sizin verdiyiniz səs mənəviyyatınız, sözünüz, öz rəyinizdir. Biz istəyirik ki, seçicilərimiz əvvəlcə seçkilərdə iştirak edib daha sonra Milli Məclisdən dərdlərinə çarə istəsinlər.
Hazırda ölkədə bütün sahələrdə inkişaf özünü göstərməkdədir. İnanıram ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu siyasətə dəstək verəcək”.
Qeyd edək ki, görüş Əməkdar artist Ədalət Şükürov, “Şeron” qrupu və digər incəsənət adamlarının ifasında bədii hissə ilə davam edib.