Avropa Şurası hər zaman ikili siyasət həyata keçirib. Bu təşkilat qaydalara uyğun yox, maraqlarına görə fəaliyyət göstərir. Maraqlara cavab verməyən dövlətlərə qarşı isə qərəzli mövqe nümayiş etdirir.
Boyukmillet.com bildirir ki, bu fikirləri açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. B.Dündar qeyd edib ki, Azərbaycan və Türkiyə Avropa Şurasının üzvü olsalar da, ancaq hər iki qardaş ölkə daim ədalətsizliklə üzləşib. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olduqları dövrdə daim hədəf seçiliblər. Bu, həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir.
Federasiya sədri vurğulayıb ki, Avropa Şurası dünyanın bir sıra ölkələrindəki antidemokratik addımlara göz yumur. Türkiyə və Azərbaycana münasibətdə tənqid islamofobiyanın təzahüründən başqa bir şey deyil. Avropa Şurası vahid standartlar tətbiq etmək əvəzinə, bəzi ölkələrdə müxtəlif pozuntular uydurur, digər ölkələrdə isə bu pozuntuları görməzdən gəlir. Avropa Şurasının bu cür ədalətsiz hərəkətlərinə qarşı Azərbaycan Prezidenti yerində cavab verdi. Azərbaycan və Türkiyə daim siyasi sifariş əsasında hədəf seçilib, ölkələr haqqında olmayan yalanlar uydurulur və yayılır. Ona görə də Prezident İlham Əliyevin də dediyi kimi, bu təşkilata olan ümidlər çoxdandır ki, itirib.